AZ

Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb

Pekin, 9 yanvar, AZƏRTAC

Çinin Tibet bölgəsində yanvarın 7-də baş verən güclü zəlzələdən sonra ərazidə 1211 afterşok qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tibet (Sican) Muxtar Rayonunun səlahiyyətli qurumları açıqlama yayıb. Afterşoklarən ən güclüsü 4,4 bal gücündə olub. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir.

Qeyd edək ki, yanvarın 7-də səhər saatlarında muxtar rayonun Şiqatse şəhərinin Dinqri rayonunda 6,8 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri olan Tsoqo qəsəbəsinin 20 kilometr radiusunda yerləşən 27 kənddə 3612 evə ziyan dəyib, onlardan bəziləri tamamilə dağılıb. Həmin evlərin dağıntıları altında qalanların xilası üçün bütün qüvvələr səfərbər olunub. Ərazinin çətin relyefi və şaxtalı hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Havaların gecə saatlarında şaxtalı olması dağıntı altında çarəsiz qalanların, xüsusən də yaralıların sağ qalmaq ümidlərini getdikcə azaldır. Xilasedicilər məhz bu şərtlərdə işlərini davam etidirirlər. Ümumilikdə axtarış-xilasetmə işlərinə 15 min nəfər cəlb olunub. Axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər də cəlb olunub. Bundan başqa, ölkənin müxtəlif bölgələrindən Tibetə xilasedicilər və tibb işçiləri ezam olunur, yardımlar göndərilir.

Son məlumata görə, zəlzələ nəticəsində 126 nəfər ölüb, 188 nəfər xəsarət alıb. Zəlzələ bölgəsindən 46 min sakin təhlükəsiz yerlərə təxliyə edilib. Dağıntılar altından 407 nəfər sağ çıxarılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
1
1
azertag.az

2Mənbələr