AZ

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər ARTIR

Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr aparılır. Azərbaycanda bu proses ötən əsrin 70-ci illərindən başlayıb. Həmin illərdə Azərbaycanda ilk dəfə böyrək köçürülməsi həyata keçirilib.

Müstəqillik illərində isə ilk orqan transplantasiyası 2000-ci illərin əvvələrində baş tutub. 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə bir insanın orqanı başqasına köçürülüb. Azərbaycanda qaraciyərin köçürülməsinə isə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılıb.

Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilib və yeni texnika ilə təchiz olunub. 2014-cü ildən isə ölkəmizdə sümük iliyi transplantasiyası olunur.

Modern.az-ın məlumatına görə, məsələ barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova danışıb. O bildirib ki, əgər donor varsa, orqan tranplantasiyası bütün Azərbaycan vətəndaşları üçün əlçatandır:

“Canlı donora, meyit donorlara böyük ehtiyac var. Əgər meyit donor orqanlarının transplantasiyası olarsa, hər bir Azərbaycan vətəndaşı sırada gözləyə və orqan çıxarsa şəfasını tapa bilər. Bu transplantasiyanı istənilən həyatını dəyişən şəxsə aid etmək olmaz. Bunun üçün xəstədə beyin ölümü aşkarlanmalıdır. Bu proses süni tənəffüs aparatları kəşf olunandan sona başlayıb. Belə ki, beyin öldükdən, insanın nəfəs ala bilmədiyi üçün o bu aparatlara qoşulur və oksigen onun ağciyərlərinə süni təzyiqlə vurulur. Ürəyin öz sinir sistemi beyindən siqnallar gəlmədən maksimum 48 saata yaxın işləyə bilir. Bu müddətdən sonra siqnal gəlmirsə, ürək dayanır. Çox insanlar deyir ki, xəstə süni tənəffüs aparatındadır, oradan ayrılsa öləcək. Amma beyin ölümü gerçəkləşibsə, orada uzun müddət qala bilməz. Əgər beyin ölübsə 2 sutka sonra ürək də dayanacaq. Həmin 2 sutka müddətində meyitin orqanlarına oksigenləşmiş qan getdiyinə görə, həmin orqanlar yararlıdır. Çünki ürək çalışır, tənəffüs aparatı oksigen verir. Beləcə toxumalara öksigenləşmiş qan çatdırılır”.

Y.Abbasova qeyd edib ki, 2018-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə beyin ölümü bioloji ölüm olaraq təsdiq olunub: “Yəni beyin ölümü təsdiq edilibsə, artıq bu biolojin ölümdür. Beyin ölümü protokolu 2023-cü ildə hazırlanıb. Protokolun tərkibində həkimlər üçün yoxlama vərəqəsi var. 2-5 ildən az təcrübəsi olmayan həkim-reanimatoloq, neyrocərrah, yaxud nevropatoloq xəstəni bir dəfə yoxlayırlar. Bundan sonra həkim-reanimatoloq xəstə yaxınlarına bildirir ki, xəstənizin beyin ölümü baş verib. 12 yaxud 24 saatdan təkrar yoxlanılacaq. Bu müddətdən sonra yenidən həkimlər ayrılıqda yoxlayır. Artıq bundan sonra şəxsin öldüyü təsdiq edilir və meyit yaxınlarına təhvil verilir. Əgər orqanlar sağlamdırsa, bu müddət ərzində meyit aparatdan ayrılmadan orqanları bağışlanarsa 10-a qədər insanın həyatını xilas edə bilər”.

Onun sözlərinə görə, əgər şəxsin özünün donor olmaq istəyi olmayıbsa, yaxın qohumlarından soruşulur:

“Reanimatoloqlar beyin ölümünü 2-ci dəfə təsdiq etdikdən sonra koordinatorlar xəstə yaxınları ilə söhbət aparır. Keçən il Azərbaycanda 2 beyin ölümü qeydə alınıb və hər iki xəstənin yaxınları tərəfindən "Yox" cavabı verilib", - Yeganə Abbasova televiziyada yayımlanan verilişdə deyib.

O, bunun təbii olduğunu deyir. Mərkəz sədrinin sözlərinə görə, Türkiyədə 1975-ci ildə mərkəz yaranıb, 30 ildən sonra təbliğat və təşviqat aparıldıqdan sonra ilk orqan bağışı həyata keçirilib. İspaniyada mərkəz 1985-ci ildə yaranıb və ilk orqan 1995-ci ildə bağışlanıb. Düşünürəm ki, bu il Azərbaycanda daha çox beyin ölümü olacaq və orqanların bağışlanmasına "Hə" deyən insanlar olacaq”.

Qeyd edilib ki, bütün dünya üzrə reanimasiyada olan ölümlərin 10-30%-ində beyin ölümü gerçəkləşir:

“Bütün dünyada xəstəxanalarda auditlər aparılır. Xəstəxanalar diaqnozun qoyulmaması ilə bağlı cavabdehlik daşıyırlar. Bu səbəbdən də Azərbaycanda bütün mənbə xəstəxanalara (süni tənəffüs aparatı ilə təchiz olunmuş reanimasiya şöbəsi olan xəstəxanalar) məktub getdi ki,  qlasko-koma şkalasına görə 9-15-lə xəstə daxil olursa, xəbər versinlər. Hər gün əməkdaşlarımız bu reanimasiya şöbələrinə zəng vururlar. Hazırda ancaq Bakı şəhəri üzrə bu edilir. Vahid informasiya bazası test mərhələsindədir, tam işləməyə başlayanda informasiyalar gələcək, hər gün zəng etməyə ehtiyac olmayacaq. Hər ay biz reanimasiyalara baxırıq, qeyd edilən göstərici ilə xəstə gəldikdə biz hər gün məlumat alırıq. Artıq onlar bilirlər ki, biz zəng edəcəyik. Bildirmişik ki, biz 24 saat açığıq, nə vaxt lazım olsa gələrək beyin ölümü diaqnozunun qoyulmasına yardım edə bilərik. Reyestrdən keçən şəxslər beyin ölümü təsdiq olunarsa, orqanları 10 nəfərə şəfa verə bilər. Əgər şəxs 18 yaşından sonra sağlığında bu sənədi imzalayıbsa, orqanları yaxınlarından icazə alınmadan orqanlar götürülür. Səhiyyə Nazirliyi tərəfindən TƏBİB və digər xəstəxanalarla da iş aparılır. Ölümündən sonra donor olmaq istəyənlərin sayı artır”.

Sədr sonda bildirib ki, 18 yaşına qədər uşaqlarda beyin ölümü olubsa, orqanların alınması üçün mütləq ailədən icazə alınmalıdır:

“Amma bizim ikinci reyestrimiz də var, “Ölümündən sonra donor olmaq istəməyənlər” reyestrindən keçənlərin qohumlarına da bununla bağlı müraciət edilməyəcək. Bu zaman onlara şəxsin vəsiyyəti göstərilir. OPT Out və OPT İn ölkələr bir-birindən ayrılır. Şəxsin orqanlarının verildiyi şəxslərin kimliyi anonim saxlanılır. Məsələni incəliyi də odur ki, yaşatdığın insanın kim olduğunu heç kəs bilmir”.

Seçilən
7
modern.az

1Mənbələr