AZ

Gürcüstanda Saakaşvili dövrünün cinayətləri araşdırılacaq -PARLAMENT İSTİNTAQ KOMİSSİYASI YARADIR

Gürcüstan parlamentində 2003-2012-ci illərdə keçmiş hakimiyyət nümayəndələri tərəfindən törədilmiş cinayət əməlləri faktlarının araşdırılması üçün müvəqqəti istintaq komissiyası yaradılacaq.

 

Senzor.az bildirir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

 

"Müvəqqəti istintaq komissiyası rejimin məsul şəxslərini və rejimin törətdiyi cinayətlərdə əli olan digər şəxsləri çağırıb dindirəcək", - M.Mdinaradze brifinqdə deyib.

 

Onun sözlərinə görə, bu hərəkətlərin qiymətləndirilməsi Gürcüstanın bu gün üzləşdiyi təhdidlərin qarşısının alınması və gələcək stabil inkişafı üçün həlledici əhəmiyyət kəsb edəcək.

 

Bildirilib ki, komissiya parlamentin yaz sessiyasının ilk iclasında yaradılacaq.

 

Qeyd edək ki, Mixail Saakaşvili 1967-ci ildə Tbilisidə anadan olub. O, 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub.

Saakaşvili 2004-cü il yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib.

 

Siyasətçi daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 

 

2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdandan sonra həbsə atılıb.



Seçilən
15
1
senzor.az

2Mənbələr