AZ

Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi– bu, Azərbaycanda baş verir...

Image

İlqar Orucov: “Dəqiq elmlər üzrə göstərici aşağı səviyyədədirsə, biz elmdən danışa bilmərik

Ötən il 71 nəfər elmlər doktoru elmi dərəcəsi alıb. Bu barədə  Prezident   yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Statistikaya görə, ən çox elmlər doktoru elmi dərəcəsi filologiya (23 nəfər) və texnika elmləri (13 nəfər) üzrə verilib. Riyaziyyat, mexanika, yer elmləri, psixologiya və fəlsəfə sahələri üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.

Qeyd edək ki, astronomiya, aqrar elmlər, əczaçılıq elmləri, antropologiya, iqtisad elmləri, coğrafiya, pedaqogika, siyasi elmlər, sosiologiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə  elmi dərəcəni alan olmayıb.

Bildirək ki, bu göstəricilər dəqiq və texniki elmlərə marağın azalması, alim olmaq istəyənlərin sayının azlığı barədə narahatlıq doğurur. Maraqlıdır, dəqiq elmlərə marağın azalmasının səbəbi nə ilə bağlıdır? 

Dəqiq elmlərdə tədqiqatçılar üçün maliyyə dəstəyinin və perspektivlərin məhdudluğu bu sahənin populyarlığını azaldır

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, 23 nəfərin filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alması düşündürücüdür: “Filologiya üzrə müdafiə edənlər müxtəlif fərqli ixtisaslar üzrə elmlər doktoru dərəcəsi alıb. Bura dil, ədəbiyyat, dilçilik, folklorşunaslıq və s. daxildir. Fəlsəfə doktorları siyahısına nəzər salınsa orda da eyni vəziyyətlə qarşılaşarıq. Humanitar sahələrə marağın bu qədər artması insanı düşündürür. Onu da deyim ki, humanitar sahədə rəqabət daha çox olur, nəinki fundamental elmlər sahəsində.  Humanitar sahəyə də maraq olmalıdır, dəqiq elmlərə də. Bunu balanslaşdırmaq lazımdır”. 

Həmsöhbətimiz hesab edir ki, dəqiq elmlərə marağın az olmasının müəyyən səbəbləri var: “İlk olaraq bildirim ki, dəqiq elmlərdə tədqiqatlar üçün lazımi mühit yoxdur. Riyaziyyat, mexanika, astronomiya kimi sahələrdə tədqiqat aparmaq, tez nəticə almaq mümkün olmayan mürəkkəb və çox vaxt tələb edən prosesdir. Azərbaycanda isə bu sahələrdə alimlər üçün kifayət qədər dəstək mexanizmləri və müasir tədqiqat infrastrukturu olmadığından, gənclər daha çox humanitar və sosial elmlərə yönəlirlər. Eyni zamanda, dəqiq elmlərdə tədqiqatçılar üçün maliyyə dəstəyinin və perspektivlərin məhdudluğu bu sahənin populyarlığını azaldır. Əksər hallarda bu sahə ilə məşğul olanlar əsasən laboratoriyada işləməlidir, ancaq humanitar elmlə məşğul olanlar isə kitabxanada, arxivlərdə tədqiqatlarını həyata keçirir. Həmçinin onu da deyim ki, dəqiq elmlərlə məşğul olanlar iş axtararkən, elmi sahəyə deyil, gəliri yüksək sektorlara maraq göstərir”.

Ekspert onu da əlavə etdi ki, son illər elm sahəsinə maraq göstərən qadınların sayı artıb. Elmdə qadınların olması yaxşıdır, ancaq balansın xanımların lehinə dəyişməsi ziyanlıdır. Bu, qadın hüquqlarının pozulması demək deyil: “Xarici təcrübəyə nəzər salsaq görərik ki, fundamental elm sahəsində qadınlarla yanaşı, kişilər də fəaliyyət göstərir”.

İ.Orucovun sözlərinə görə, strateji sahədə də müdafiə edənlərin sayı azdır. Bu məsələ də diqqətə alınmalıdır: “Ümumiyyətlə, elm sahəsinə marağın azalmasını aidiyyəti qurumlar nəzarətə götürməlidir. Elmlər Akademiyası da bu məsələyə dəstək olmalıdır. Bununla yanaşı, elmi tədqiqat müəssisələrinin rolu artırılmalıdır. Dəqiq elmlər üzrə göstərici aşağı səviyyədədirsə biz elmdən danışa bilmərik”.

Günel CƏLİLOVA





Seçilən
5
baki-xeber.com

1Mənbələr