AZ

Azərbaycan İrandan artıq heç nə ummur - RƏY

İstədiyimiz biz ona yanaşmada necə davranırıqsa, qarşı tərəfin də o cür hərəkət etməsidir

“Edəcəklərsə, xub, etməyəcəklərsə, rəsmi Tehran bundan kimin daha çox itirəcəyinin indi heç vaxt olmadığı qədər fərqindədir"

Prezident İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlət başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil. 

O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və bütün bunlara görə çox sevindiklərini deyib. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev bəyan edib ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib. Xatırladaq ki, Əli Əkbər Əhmədian Bakıdan sonra Ermənistana səfər edib və Baş nazir Nikol Paşinyanla görüşüb. 
Ekspertlərə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gələcəkdəki səfərinə hazırlıq məqsədi daşıyır. Məsud Pezeşkian bu ay Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə strateji sazişi imzalayacaq. Pezeşkianın il ərzində Azərbaycana da səfərinin reallaşacağını proqnozlaşdırmaq olar. Maraqlı olan Pezeşkianın birinci Azərbaycana, yoxsa Ermənistana səfər edəcəyidir. O yalnız Azərbaycana səfər edib Ermənistana səfəri sonrakı mərhələyə saxlasa, İrandakı mühafizəkarların sərt tənqidinə məruz qalacaq. Ona görə Pezeşkian Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana, buradan da Ermənistana səfər edə bilər. 


Millət vəkili Sahib Alıyev deyib ki, dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Ermənistana sərt xəbərdarlığının, onun havadarlarından birinin qarşısında açıq tələb qoyulmasının böyük reaksiya doğuracağı öncədən bəlli idi. Deputatın sözlərinə görə, o, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərini və ardınca da İrəvana getməsini məhz həmən reaksiyalardan biri kimi qiymətləndirir: 

"Ermənistanın işğal dövründə mədəni və dini abidələrimizi dağıtmasının, məscidlərimizi təhqirə məruz qoymasının, ibadət ocaqlarında donuz və inək saxlanmasının bu haqda çox yaxşı bilgiləri olan İran rəsmisinin diqqətinə niyə çatdırıldığı yəqin aydındır. Əli Əkbər Əhmədianın “regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin bənzərsizliyi və bu cür qədim əlaqələri olan iki ölkəni tapmağın mümkünsuzlüyü” haqda fikirlərinin qarşılığında cənab İlham Əliyevin “xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlılığı"ndan söz salması da səbəbsiz deyil. Yəni Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük savaş zamanı, ondan sonrakı dövrdə rəsmi Tehranın necə bir siyasət yeritdiyini unutmamışıq. Bununla yanaşı, İranla qarşılıqlı faydaya dayanan əlaqələrin genişlənməsində maraqlıyıq. İlk növbədə də ona görə ki, orada yaşayanların böyük bir hissəsini təşkil edən soydaşlarımızla cənab Prezidentin təbirincə desək, çox sıx tellərlə bağlıyıq. Azərbaycan İrandan artıq heç nə ummur, istədiyimiz biz ona yanaşmada necə davranırıqsa, qarşı tərəfin də o cür hərəkət etməsidir. Edəcəklərsə, xub, etməyəcəklərsə, rəsmi Tehran bundan kimin daha çox itirəcəyinin indi heç vaxt olmadığı qədər fərqindədir".

Seçilən
6
sherg.az

1Mənbələr