Son vaxtlar gündəmi zəbt edən məsələlərdən biri də "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın iş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etməsidir. Onlarla bağlı töhmət və müvəqqəti işdən uzaqlaşdırma qərarı verilsə də, bu cür halların ölkəmizdə çox olması danılmazdır. Elə son günlərdə burun əməliyyatına girən gənc qızın komaya düşməsi də əsas problemlərdəndir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, əməliyyat otağına kənar şəxslərin girişi xəstənin həyatı üçün təhlükə yarada bilər:
"Azərbaycanda həkim etika, kodeksi yoxdur. Bu dünyanın hər yerində var və qanunlar toplusu adlanır, həkimlərin və tibb işçilərin fəaliyyəti ilə bağlı qanunverici aktdır. Bizdə ictimaiyyət yalnız Hipokrat andı ilə manipulyasiya edilir, vəssalam. Bu hadisə çox xoşagəlməz hadisədir. Əvvəla, əməliyyat otağına, hətta klinikanın öz işçiləri belə, onların orada işi yoxdursa, daxil ola bilməzlər. İkincisi, əməliyyatda ən əsas məsələlərdən biri sterillik-aseptik konseptika qaydalarıdır ki, onların pozulması təhlükə yaradır. Digər tərəfdən, həkimin işdən ayrılıb diqqətin yayındırılması, xəstənin həyatı üçün risk yarada bilər".
Professor həkimlərə reklamlardan çəkinməyi, düzgün şəkildə işləməkləri barədə çağırış etdi.
"Ən əsası isə xəstənin görüntülərinin ictimailəşməsi yalnız onun icazəsi ilə ola bilər. Bütün bu sadalanan məsələlər var ki, bunlar bütövlükdə hüquqi məsuliyyət yaradan bir məsələdir. Bununla bağlı ciddi şəkildə tədbir görülməlidir ki, bu cür hallar bir daha təkrarlanmasın. Biz nəzərə almalıyıq ki, hüquqi dövlətdə yaşayırıq, qanunlara əməl etməliyik, həkim reklamlarından çəkinməliyik, özümüzü ciddi aparmalıyıq və ən əsası, dünyada qəbul edilən qaydalara əməl etməliyik", - deyə A.Qeybulla qeyd etdi.
Türkan İSGƏNDƏRLİ