AZ

Yeni reallığın diktəsi: Türkiyəsiz Avropanın təhlükəsizliyi mümkünsüzdür

Zelenskinin Trampla görüşü və Ağ Evin Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində ilə bağlı ənənəvi avropalı müttəfiqlərindən fərqli bir yanaşma sərgiləməsi, dünya düzənində yeni geosiyasi reallıq yaradıb. Bu reallıq təkcə heç bir təhlükəsizlik təminatları olmadan Ukraynanın torpaqlarını Rusiyaya güzəştə getməsi, qurban verilməsi deyil, eyni zamanda, Ukraynanın gələcək təhlükəsizliyində əsas rol oynayacaq Avropanın danışıqlar prosesindən kənarda qalması və bunun da nəticə etibarilə qoca qitəyə ciddi təhdidlər yaratması ilə bağlıdır. Yaranmış durum Avropanı yenidən siyasətinə baxmağı və yeni bir güc kimi ortaya çıxmasını zəruri edir. Ona görə də bir çox avropalı liderlər ABŞ-dən kənar siyasi-iqtisadi-hərbi güc kimi formalaşaraq Avropanın müdafiə və təhlükəsizliyini öz üzərlərinə götürməyə cəhd edirlər. Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdəki uğursuz görüşündən sonra Londonda keçirilən sammit bu məqsədlə təşkil edilmişdi.

Avropa liderləri onu da anlamağa başlayıb ki, belə bir gücü təkcə Avropa İttifaqına üzv ölkələrin imkanları ilə formalaşdırmaq qeyri-mümkündür. Bura yeni və güclü dövlətlər cəlb edilməlidir. Avropanın yeni güc kimi meydana çıxmasında isə Türkiyə kimi gücə malik bir dövlətin müstəsna rolu ola bilər. 

Avropalı ekspertlər, politoloqlar da hesab edirlər ki, Avropa yeni güclər cəlb etməsə, ciddi bir güc kimi ortaya çıxması çətin olacaq. 

Münhendəki Bundesver Universitetinin professoru, siyasi ekspert Karlo Masala hesab edir ki, əgər avropalılar güclərini birləşdirməsələr, özlərini müdafiə edə bilməsələr və qlobal cənubda yeni tərəfdaşlar axtarmasalar, öz əhəmiyyətlərini itirəcəklər. “ABŞ yaxın gələcəkdə Avropa üçün etibarlı dəyərlər və maraqlar tərəfdaşı olmayacaq.  Bu vəziyyətdə Avropa öz gələcəyini müəyyən edən qüvvə olmaq əvəzinə, başqalarının maraqlarının oyun alətinə çevrilə bilər”, - o qeyd edib.

Almaniyalı digər politoloq Klaudiya Major isə hesab edir ki, ABŞ artıq Avropa üçün təhlükəsizlik riskinə çevrilməkdədir: “Biz etiraf etməliyik ki, ən vacib müttəfiqimiz artıq müttəfiq kimi davranmır, əksinə, Avropa üçün təhlükəsizlik riskinə çevrilir”.

Londonda keçirilən sammitə Türkiyənin dəvət edilməsi onu deməyə əsas verir ki, Avropa öz təhlükəsizlik arxitekturasının təmin olunmasında Ankaranın rolundan faydalanmaq niyyətindədir. Avropa Türkiyənin rolundan necə faydalanmaq istəyir hələlik bu aydın deyil. Lakin London sammitində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb: “Bu məsələ açıq şəkildə müzakirə olunur. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq. Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.

Avropa yaxşı anlayır ki, təkbaşına Ukrayna məsələsində ciddi uğur əldə edə bilməyəcək. Türkiyənin də Avropa liderlərinin sammitinə dəvəti məhz bununla bağlı idi. Avropa da Türkiyəni Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində əhəmiyyətli dərəcədə həlledici açar ölkələrdən biri olduğunu qəbul edir.

Təbii ki, Türkiyə 50 ildən artıqdır, Avropa ailəsinin tamhüquqlü üzvü olmaq istiqamətində çaba göstərsə də, nəticəsi olmayıb. Amma yaranmış yeni geosiyasi reallıqlar uzun illərdədir Türkiyənin qarşısında duran hərəflərə nail olmaq üçün yeni imkanlar və fürsətlər yaratmaqdadır. Türkiyə bu fürsətlərdən faydalanaraq hədəflərinə. O cümlədən Aİ-nin tamhüquqlu üzvlüyünə nail olmaq istəyir. Əgər Türkiyə Avropanın ümümi təhlükəsizlik arxitekturasının müdafiəsi və təhlükəsizliyinə dəvət olarsa, o zaman Ankaranın da Avropa ittifaqına üzvlüklə bağlı şərtləri olacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə dilə gətirərək bəyan edib ki, Avropanın ayrılmaz hissəsi kimi biz Avropa İttifaqına üzvlük prosesimizi strateji prioritetimiz kimi görürük: “Son hadisələr Türkiyə-Avropa İttifaqı əlaqələrinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Türkiyənin layiq olduğu yerə sahib olmadığı bir Avropanın qlobal bir aktor olaraq varlığını davam etdirməsi getdikcə qeyri-mümkün hala gəlir. Açıq desək, Türkiyəsiz Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Avropalı dostlarımızın bu həqiqətlə üzləşməsini və tam üzvlük prosesimizi uzaqgörən bir perspektivlə inkişaf etdirməsini gözləyirik”. 

İndi top avropalıların meydanındadır. Ərdoğanın da bəyan etdiyi kimi, Türkiyəsiz Avropanın gələcək təhlükəsizliyini təsəvvür etmək mümkün deyil və mümkün də olamayacaq. Bunun isə bir çox səbəbləri var.

Birincisi, Türkiyənin yeni dünya düzənindəki geosiyasi çəkisi artaraq qlobal gücə çevrilməkdədir.

İkincisi, Türkiyənin arxasında Türk Dövlətlər Təşkilatı kimi ciddi perspektivə və Qafqaz, Mərkəzi Asiya bölgəsini əhatə edən gücə malik bir qurum var.

Üçüncüsü, Türkiyənin Rusiya-Ukrayna müharibəsində yürütdüyü siyasət.

Dördüncüsü, Türkiyənin Yaxın Şərq və Afrikada son illərdə oynadığı əhəmiyyətli rol və əldə etdiyi uğurlar dayanır. 

Beşincisi, NATO üzvü olan Türkiyənin yüksək döyüş hazırlığına və peşəkarlığına malik güclü orduya sahib bir dövlət olmadıdır. Avropa İttifaqının belə bir üstünlüklərə malik Türkiyəni öz ailələrinin tamhüquqlu üzvü etməsindən ancaq və ancaq udar. İtirməz. Avropa ölkələri müdriklik nümayiş etdirib Ankara ilə bağlı düzgün qərar verə biləcəklərsə udacaqlar, əks təqdirdə isə hər zaman təhlükəsizliklərinə ciddi təhdidlər olacaq.

Mürtəza
Ölkə.Az

Seçilən
7
olke.az

1Mənbələr