Bəzi meyxanaçıların (Rüfət Nasosnu, Ağamirzə və s.) Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəməkləri birmənalı qarşılanmayıb. AYB sədri, xalq yazıçısı Anar Rzayev Modern.az-a açıqlamasında deyib ki, meyxanaçılar AYB-yə üzv olmaq istəyirlərsə, təşkilatın nizamnaməsi ilə tanış olub, ərizə verməlidirlər.
Sitat:
“Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”.
Globalinfo.az-a danışan yazıçı Pərviz Cəbrayıl bildirib ki, müğənni Elza Seyidcahanı AYB-yə üzv qəbul edən, meyxanaçıları da edər:
“Lap başdan baxanda deyirsən, Elza Seyidcahanın üzv qəbul edildiyi quruma nəinki meyxanaçıları, hətta istəyi olduğu halda sünnətçi dəlləyi də qəbul etmək olar. Əsas odur ki, istəyir. Nizamnaməni qəbul eləsin, vəssalam. Qəşəng qadın, ya yeyib-içən, əli cibində oğlandısa, niyə də olmasın? Bijuteriya kimi bir şey. Ayrı bir rakursdan baxanda: Demək ki, bu istəyə düşən meyxanaçının meyxanadan xəbəri yoxdur. Andeqraund sənət nümayəndəsinin özünü rəsmi bir yerə pərçim etməyi istəməsi nə deməkdir? Sənin yerin sözünü deməli olduğun xalqın içindədir, qarşına nizamnamə, proqram, öhdəlik qoyan bir quruma üzv olmaq yox! Elə bil cinayət aləminin adamı gəlir, deyir, mən poqon daşımaq istəyirəm, arzum budur ki, vəsiqəm olsun və s. Ya elə bil pionerə, komsomola keçmək istəyirlər. Nə bilim, o qədər “elə bil” var ki!
Başqa bir bucaqdan baxanda: Sovet dövründə “Volqa”ları ancaq raykom katibləri minirdi. Bu, bir kolxozçu, bir çoban üçün əlçatmaz şey idi. Sovet dağıldı, kolxozçu balaları Rusyətə gedib etil spirtindən araq çəkib pul içində üzməyə başlayanda, həmin o keçmiş raykomlar Amerika “CİP”i minəndə, bunlar o uşaqlıq xəyallarını gerçəkləşdirmək üçün birinci Qaz-24, Qaz-31 aldılar. AYB vəsiqəsi də elə bir şeydir. Özünü katib kimi hiss eləmək. Yəni Anarın “Evləri köndələn yar”ında bazarkomun dediyi kimi: “Belə nastoyaşşi şair (professor)” kimi”.
Pərviz Cəbrayılın fikrincə, onlara sadəcə, AYB bileti lazımdır:
“Ad-sandı, şan-şöhrətdi də, camaat deyəcək, bu elə-belə, sıravi meyxanaçı deyil e, hətta cibində AYB-nin partbileti də var. Bir var toya xalq artisti poqonuyla gedəsən, bir də var təmiz, ulduzsuz poqonla. Bu da elə… Üstəlik, yüksək çinli təqaüd-filan, Anar kimi dahi yazıçı ilə bir məclisdə yanaşı oturmaq da var!
– Ağa, hardan gəlirsən?
– Heç, Anar müəllimlə vururduq…
– Ağa, hara gedirsən?
– Çingiz Abdullayevlə orucaçdıya…
Nə bilim, yenə deyirəm, Elzadan nəyləri əskikdir? Onlara da sənədli-sübutlu, rəsmi şair, yazıçı desələr, dünya dağılmaz a. Onsuz da ciddi nəsə qalmayıb”.