AZ

Qəzzadan geri çəkilə bilərik - HƏMAS

BAKI, TurkicWorld

HƏMAS-ın yüksək səviyyəli mənbələri bildiriblər ki, təşkilat Qəzzanın idarəçiliyindən imtina etməyə hazırdır və Fələstin bölgəsini idarə etmək üçün yeni komitənin yaradılmasını nəzərdə tutan ərəb sammitinin qərarlarını alqışlayır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu qərar Qəzzada atəşkəs razılaşmasını irəli sürmək məqsədilə aparılan danışıqlar çərçivəsində gündəmə gəlib.

Məlumata görə, HƏMAS-ın aparıcı nümayəndə heyəti yaxın günlərdə Qahirəyə gedəcək və Zolağın gələcəyi ilə bağlı danışıqlar aparacaq. Danışıqlarda Qəzzanın idarə edilməsinin yeni mexanizmləri və ərəb ölkələrinin təklif etdiyi həll yolları müzakirə olunacaq.

Bundan əlavə, Dohada HƏMAS nümayəndələri ilə ABŞ prezidenti Donald Trampın girov məsələləri üzrə xüsusi nümayəndəsi Adam Boehler və digər amerikalı rəsmilər arasında görüşlər keçirilib.

Görüşlərdə beş israilli girovun, o cümlədən dörd ABŞ vətəndaşının azad edilməsi müzakirə edilib.

Boehler bildirib ki, Tramp administrasiyası bütün amerikalılar – diri və ya ölü – geri qaytarılana qədər təzyiq göstərməyə davam edəcək.

Bu arada, ABŞ Dövlət Departamenti ərəb ölkələrinin təqdim etdiyi planın Tramp administrasiyasının gözləntilərinə tam cavab vermədiyini bildirib.

Qeyd edək ki, Qəzza zolağında davam edən münaqişə fonunda HƏMAS-ın bu addımı bölgədə siyasi konfiqurasiyanın dəyişməsi istiqamətində mühüm bir dönüş nöqtəsi ola bilər.

Seçilən
13
turkic.world

1Mənbələr