AZ

İRANA HƏRBİ MÜDAXİLƏ EHTİMALI GÜCLƏNİR – İslam ölkəsi güclü daxili və xarici təzyiq altındadır

İranda siyasi böhran səngimək bilmir. Dövlətdə mühüm post tutan iki səlahiyyətlinin, iqtisasdiyyat və maliyyə naziri Əbdülnasir Hemmətinin və prezidentin strateji məsələlər üzrə müşaviri Cavad Zərifin ard-arda istefası sıradan bir məsələ deyil və bu istefalar adı çəkilən ölkdəki siyasi böhranın qabarıq göstəricisidir.

İran Prezidenti Məsud Pezeşkianın da istefa ərizəsi ilə ali dini rəhbərə müraciətini buna əlavə etsək, böhranın hansı dərin qatlara işləməsini təsəvvür etmək çətin deyil. Təbii ki, İranı ağuşuna alan siyasi böhranın arxasında uzun müddətdən bəri tətbiq edilən sankisyaların təsiri altında ölkənin iqtisadi sisteminin getdikcə bərbad hala düşməsi, əhalinin sosial vəziyyətinin görünməmiş dərəcədə ağırlaşması faktı durur. Ölkə, Qərblə əlaqləri yaxşılaşdırmaq, razılaşmalar əldə etmək, sanksiyaları aradan qaldırmaq üçün ABŞ ilə dil tapmaq istəyən Pezeşkianın islahatçılar komandası ilə, hər hansı bir islahata, siyasi sistemin müasir dövrün tələblərinə uyğun yenidən şəkillənməsinə, nüvə proqramı ilə razılaşmalar əldə edilməsinə qarşı olan mühafizaklar arasında üz-üzə qalıb. İş o yerə çatıb ki, dünyada ən zəngin neft və qaz yataqlarına sahib olan bir ölkə yanlış, effektsiz idarəetmə ucbatından özünün ən çətin iqtisadi, enerji böhranını yaşamağa məhkum olub. Ölkədə əməlli-basil enerji böhranı yaşanır. Köhnəlmiş, vaxtı keçmiş avadanlıqlar əvvəlki gücü ilə işləmədiyidən sərt qış ayları əhalinin, sənaye müəssisələrinin, böyük şirkətlərin elektrik enerjisinə olan tələbatını ödəmək mümkün deyil və yaranmış enerji qıtlığı istər-istəməz əhalinin dövlətdən narazılığını artırır. Digər təfdən milli valyutanın dollara nisbətinin hədsiz dərəcədə aşağı düşməsi İranın iqtisadi, maliyyə sisteminin yararsızlığını ortaya qoyur. İnfilyasiya, iqtisadi qıtlıq, əhalinin sosial vəziyyətinin getdikcə gərginləşməsi, maliyyə böhranı istər-istəməz hakimiyyət daxilində parçalanma meyillərini artırır və əhalinin hakimiyyətdən olan narazılığını pik həddə çatdırır.

Yaranmış böhran ölkənin mühafizakar qanadına islahatçıları sıxmaq, fakt qarşısında qoymaq şansı verir və bu basqılara tab gətirməyən islahatçılar istefa vermək məcburiyyətində qalır. Xarici siyasətdəki uğursuzluqlar, Suriya və şiə hilalına daxil olan digər ölklərdə dayaqlarının əldən verilməsi, vaxtı ilə İran vergi ödəyicilərinin hesabına maliyyələşən proksi qüvvələrin məhv edilməsi, İsrailin onun hərbi müdafiə sisteminə, enerji sektoruna aid hissələri sıradan çıxarması İranı idarə edənləri çaşbaş vəziyyətdə qoymaqla, əhali arasında nüfuzlarının da itməsinə səbəb oldu.

ABŞ-də Trampın hakimiyyətə gəlməsi isə İran üçün xoşagəlməz sürpirizlərə yol açır. Tramp Rusiyanı ağır şərtlər daxilində İranla nüvə proqramı üzrə danışıqlarda araçılıq etməyə qoşmaq istəyir. Trampın və onun yaxın müttəfiqi Netanyahunun bu ölkəyə olan mənfi münasibəti, İranla birdəfəlik hesablaşmaq istəkləri, Rusiyanın bu danışıqlarda İranın xeyrinə hər hansı irəliləyiş əldə etməsinə şübhələr yaradır.

Görünən odur ki, İran Yaxın Şərqdə əvvəlki dağıdıcı üstün rolundan imtina etmədikcə, İsrailə, ABŞ-yə səsləndirdiyi ölüm şüarlarından geri durmadıqca, nüvə proqramı ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtlərə tabe olmadıqca ona qarşı sərt sanksiyalar davam etməklə bu sanksiyalar sonrakı mərhələdə İrana hərbi hücumla əvəzlənmə ehtimalını artırır.

“AzPolitika”

Seçilən
16
azpolitika.info

1Mənbələr