Martın 11-nə keçən gecə Moksvaya pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum edilib.
Modern.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu hücumu Ukraynanın indiyədək həyata keçirdiyi ən iri PUA hücumu adlandırıb.
Qeyd olunub ki, Moskva istiqamətində uçan 91 PUA Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub. İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, beş nəfər yaralanıb.
Nazirliyin məlumatına əsasən, ümumilikdə 337 PUA məhv edilib. Moskva ətrafında vurulan pilotsuz uçuş aparatları ilə yanaşı, digər bölgələrdə də kütləvi hücum qeydə alınıb. Belə ki, Kursk vilayətində 126, Bryanskda 38, Belqorodda 25, Ryazanda 22, Kalujada 10, Lipetskdə 8, Orlovda 8, Voronejdə 6 və Nijni Novqorodda 3 PUA vurulub.
Moskva meri Andrey Vorobyovun məlumatına görə, pilotsuz uçuş aparatlarının hücumu paytaxtın müxtəlif ərazilərində dağıntılara səbəb olub. Domodedovo dəmiryol stansiyasında PUA qalıqlarının dəmir yolu xəttinə düşməsi nəticəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb və hazırda intervalın artırılması ilə hərəkət bərpa edilib.
Bundan əlavə, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında uçuşların qəbulu və buraxılışı məhdudlaşdırılıb. Domodedovskaya küçəsində yerləşən yaşayış binasının dam örtüyü zədələnib, Ramenkoda isə bir yaşayış binasının yeddi mənzili zərər görüb.
Hücum nəticəsində Domodedovo rayonunda yerləşən "Miratorq" parkinqində yanğın baş verib. Hadisənin nəticələri araşdırılır, xilasetmə və bərpa işləri davam edir.