Dünən UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Liverpul” doğma meydanı “Enfild”də PSJ-ni qəbul etdi.
Offsideplus.az xəbər verir ki, gərgin keçən matçda qalib əsas vaxtda müəyyənləşmədi. Penaltilər seriyasında isə fransızlar üstün oldular. Maraqlıdır ki, bu məğlubiyyət Endi Robertson üçün artıq bir ənənəyə çevrilib. Şotlandiyalı müdafiəçi karyerası ərzində doğum günündə 3 dəfə meydana çıxıb və hər üçündə də komandasının uduzmasına şahid olub.

Belə ki, Endi Robertson “Liverpul”un heyətində 11 mart tarixində 3 dəfə meydana çıxıb və hər 3 oyunda da komandası məğlub olub.

11 mart 2020-ci il – UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” öz meydanında “Atletiko Madrid”i qəbul etdi. Əsas vaxt 1:0 bitdi və oyun əlavə vaxta uzandı. Ancaq əlavə vaxtda “Atletiko” ardıcıl üç qol vuraraq 3:2 hesabı ilə qalib gəldi və “Liverpul”u turnirdən kənarlaşdırdı.

11 mart 2023-cü il – İngiltərə Premyer Liqasında “Liverpul” autsayder “Bornmut”la qarşılaşdı. Matçın favoriti sayılan “qırmızılar” gözlənilmədən 0:1 hesabı ilə məğlub oldu və vacib xallar itirdi.

11 mart 2025-ci il – Dünən Robertsonun doğum günündə daha bir ağır nəticə qeydə alındı. “Liverpul” doğma “Enfild”də PSJ-yə məğlub oldu.
 
Şotlandiyalı müdafiəçi üçün bu tarix artıq “qara gün”ə çevrilib.