AZ

Milli Məclisdə görüşlər

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksəksəviyyəli səfərlərin və görüşlərin xüsusi rol oynadığını diqqətə çatdırıb. O, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur.

Bakıda olmaqdan məmnunluğunu bildirən Şimali Makedoniya Prezidenti Azərbaycanı dost və yaxın ölkə adlandırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanlar arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib.

***

Milli Məclisin Sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrə Xalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə də görüşüb.

Görüşdə paytaxtımızda keçiriləcək XII Qlobal Bakı Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinə çevrilib. Diqqətə çatdırılıb ki, Mərkəz yarandığı gündən qlobal ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunduğu və bu gün üzləşdiyimiz aktual problemlərin həlli yollarının axtarıldığı bir platformadır.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan və Çin bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirir. Ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçılarının, qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqun xüsusi rolu var. Söhbət zamanı Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin önəmi vurğulanıb.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərə diqqət yönəldilərək, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib.

Vu Honqbo XII Qlobal Bakı Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Azərbaycanın ev sahibliyi ilə COP29-un uğurla təşkil olunduğunu bildirərək, Çinin də bu prosesə öz töhfəsini verdiyini qeyd edib.

XQ

Seçilən
17
xalqqazeti.az

1Mənbələr