AZ

On rayonda minlərlə iş yeri bağlanıb – əmək bazarımızdakı çətinliklər

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il fevralın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 312,6 min nəfər olub ki, onlardan da 5 milyon 29,9 min nəfərini məşğul əhali təşkil edib. 2024-cü il fevralın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 250,2 min nəfər, məşğul əhalinin sayı isə 4 milyon 963,5 min nəfəri olmuşdu. Beləliklə, aydın olur ki, bir il ərzində ölkənin əmək bazarına 62,4 min nəfər əmək qabiliyyətli şəxs daxil olub.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda 15 min 942 iş yeri bağlanıb. Bu, 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7 faiz çoxdur. Bu dövrdə bağlanmış iş yerlərinin 30,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 29,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Cari il yanvarın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 778,5 min nəfər təşkil edib. Bunların 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. 2024-cü il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 741,8 min nəfər olub. Bu zaman dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər çalışıb. Beləliklə, bir ildə dövlət sektorunda işçi sayı 16,2 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 53 min nəfər artıb.

Ötən il bağlanan iş yerlərinin regional bölgüsünə baxsaq, işğaldan azad olunan rayonlarda artım görünür: Ağdamda 2023-cü ildə 1 iş yeri bağlanmışdısa, 2024-cü ildə 49 iş yeri bağlanıb. Laçında isə son bir il ərzində bu göstərici 1-dən 37-yə yüksəlib. Salyanda isə son bir il ərzində 2023-cü ilə nəzərən daha 205 iş yeri fəaliyyətini dayandırıb (26,6 dəfə artım), 2024-cü ildə bağlanmış iş yerlərinin sayı 213-ə yüksəlib. Yardımlıda iş yerlərinin bağlanması illik 22,7 dəfə (65 yer), Tərtərdə 19,4 dəfə (92 yer), Kəlbəcərdə 15,4 dəfə (72 yer) sürətlənib. Abşeron ərazisində 1 006 iş yerinin fəaliyyətinə son verilib ki, bu da il ərzində 12 dəfə (922 yer) artım deməkdir. Ağstafada və Lerik illik 11,4 dəfə artım baş verib. Say ifadəsində Ağstafada 198, Lerikdə 52 yer artım olub. Şabran üzrə bağlanmış iş yerlərinin sayında 10,1 dəfə (64 iş yeri) sürətlənmə baş verib(Fed.az).

Rəsmi statistika həmçinin yeni açılan iş yerlərinin sayını açıqlayır. Bildirilir ki, 2024-cü il ərzində ölkədə 91,7 min yeni iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,6 faizi qeyri-dövlət sektorunda, 75,2 faizi Bakı şəhərində açılıb. Yeni açılmış iş yerlərinin cəmi 13,0 faizi yeni yaradılan, 85,9 faizi mövcud müəssisə və təşkilatlarda açılıb.

Bundan əlavə, 2025-ci il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,6 min nəfər olub: onların 48,0 faizini qadınlar təşkil edib.

İqtisadçı-ekspert Natiq Cəfərli rəsmi statistikanın ölkədəki məşğulluqla bağlı real vəziyyəti əks etdirmədiyi qənaətindədir: “Rəsmi məlumatda deyilir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir. Yəni ölkədə iqtisadi fəal əhali sayından məşğul əhalini çıxıblar, bununla da işsizlik rəqəmini elan ediblər. Bura qədər aydın oldusa, indi uyğunsuzluqları qeyd edək. Belə ki, Azərbaycan Respublikasında “Əhalinin məşğulluğu haqqında” Qanun var, qanunun ilk 2 maddəsi məşğul əhali tanıtımına həsr olunub:

Maddə 1. Vətəndaşların məşğulluğu

Məşğulluq – vətəndaşların Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (əmək gəliri) gətirən hər hansı fəaliyyətidir.

Vətəndaşlar öz məhsuldar və yaradicı əmək qabiliyyətini sərf etməkdə müstəsna hüquqa malikdirlər. Qanunvericilikdə xüsusi müəyyən edilmiş hallardan başqa, əməyin hər hansı formasına məcbur etməyə yol verilmir.

Maddə 2. Məşğul vətəndaşlar

1-ci maddədə nəzərdə tutulan mənada məşğul vətəndaşlara aşağıdakılar aiddir:

– Muzdla işləyən, o cümlədən tam və ya natamam iş vaxtı şəraitində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

əmək iqtidarsızlığı, məzuniyyət, ixtisasartırma, tətil və ya başqa səbəblər üzündən istehsalatın dayanması ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

– Özünü işlə müstəqil təmin edənlər, o cümlədən sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin fermerlər, onların istehsalda iştirak edən ailə üzvləri.

Deməli, olkədə qanunla “məşğul” əhali kimə deyilir, bunu da bildik. Xatırladım ki, DSK məmləkətdə 5 milyon 300 min əhalinin, ödənişli əsaslarla hansısa bir işlə məşğul olduğunu deyir.

Gələk digər rəsmi rəqəmlərə: 1) Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1 milyon 778.5 min nəfər olub; 2) Ölkədə VÖEN-lə çalışan 700-800 min işçi var, tutalım, onların hamısı aktivdir; 3) Pay torpağı olanların hamısına, onların ailə üzvlərinə ölkədə “fermer” deyib rəsmiləşdirirlər – onların sayı da, təqribən 1 milyon 400 min nəfərdir.

Rəqəmləri cəmləyək – təqribən, 4 milyon nəfər alınır, artıqlaması ilə hesablayanda belə rəqəm ortalığa çıxır.

Hökumətə sualım var – özünüz deyirsiniz ki, ölkədə məşğul əhali sayı 5 milyon 300 min nəfərdir, sizin təsnifatınıza görə (bu təsnifatın özü də yanlışdır – məsələn, hər torpağı olana, onun ailə üzvünə “fermer” demək olmaz), bütün məşğul əhalini toplasaq, 4 milyon nəfər alınır. Yaxşı, bəs 1 milyon 300 min nəfər nə ilə məşğuldur?! İşsizdirsə, nədən işsiz kimi qeydiyyatda yoxdur, bu qədər adam qeyri-rəsmi çalışırsa, niyə buna göz yumulur?!”

Dünyada əhalinin məşğulluğunun təminatında kiçik və orta biznes subyektləri mütləq aparıcı mövqeyə sahib olur. Azərbaycanda isə bu göstərici dünya ortalamasından xeyli aşağıdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən I Milli Maliyyə Əlçatanlığı Forumunda bildiri ki, Azərbaycanda mikro, kiçik və orta biznes (MKOB) ölkə iqtisadiyyatında əlavə dəyərin təxminən 15 faizini təmin edir: “Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq müəssisələri əhəmiyyətli, lakin hələ tam reallaşdırılmamış potensiala malikdir. Bu gün onlar iqtisadiyyatda əlavə dəyərin təxminən 15 faizini və yaradılan iş yerlərinin 50 faizini təmin edir, bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan ölkələr üzrə orta göstəricidən xeyli aşağıdır”.

O vurğulayıb ki, bu seqmentdə bir çox müəssisələr ticarət, nəqliyyat, mehmanxana və restoran biznesi kimi aşağı əlavə dəyərə malik sahələrdə cəmləşib. Lakin onun fikrincə, innovasiyalara yönəlmiş şirkətlər Azərbaycanın iqtisadi inkişafında növbəti mərhələnin lokomotivləri ola bilər: “Rəqəmsallaşma bu transformasiyanın əsas amilidir. Texnologiyalar kiçik biznes üçün yeni imkanlar açır: səmərəliliyi artırır, bazarlara çıxışı genişləndirir və iri şirkətlərlə rəqabət üçün şərait yaradır. Avtomatlaşdırma, elektron ticarət, əşyaların interneti, mikro ödənişlər – bütün bunlar biznesi daha miqyaslı və rəqabətqabiliyyətli edir. Çeviklik və dəyişikliklərə sürətli adaptasiya KOB-a fayda verir”.

Onu da qeyd edək ki, cari ilin ilk iki ayında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşlarında kəskin azalma baş verib. Rəsmi statistikaya əsasən 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 8,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz azalıb.

İnvestisiyaların azalması sənaye məhsulu istehsalının azalması ilə müşayiət olunur. Belə ki, yanvar-fevralda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

Ölkə iqtisadiyyatına investisiya qoyuluşunun azalması cari ilin növbəti mərhələlərində iş yerlərinin bağlanmasını sürətləndirə, yeni iş yerlərinin açılması tempini aşağı sala bilər. Belə ki, əmək tutumlu qeyri-neft sektorunda investisiya qoyuluşunun əsas hissəsi dövlət büdcəsi hesabına reallaşdırılır. Bu investisiyalar son illərdə daha çox işğaldan azad olunan ərazilərə istiqamətlənib. Dünya bazarında neft qiymətlərinin 70 dollardan aşağı enməsi, cari il üçün proqnozların qiymətlərdə artımı nəzərdə tutmaması büdcə xərcləmələrində ciddi artıma gedilməsini mümkünsüz edir. Bu isə iqtisadiyyata investisiya qoyuluşlarında kəskin artımın olmayacağı deməkdir. Belə artım olmadan yeni iş yerlərinin açılması sürətinin kəskin zəifləməsi qaçılmazdır…“Yeni Müsavat”

Seçilən
1
2
moderator.az

3Mənbələr