Azərbaycan multikulturalizm və dini tolerantlıq sahəsində zəngin tarixi və müasir dövrdəki inkişafı ilə tanınan bir ölkədir. Ölkəmizdə müxtəlif etnik və dini qrupların əsrlər boyu bir arada yaşaması, həmçinin qarşılıqlı hörmət və anlayış prinsiplərinin qorunması, Azərbaycan cəmiyyətinin ən mühüm xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətlər həm daxili sülhün və stabilliyin təmin olunmasında, həm də beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynayır. Dini və milli tolerantlıq yalnız Azərbaycanın tarixində deyil, həm də müasir dövrdəki inkişafında təməl bir prinsipi təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrdə öz çıxışlarında multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Azərbaycanın dini və milli tolerantlıq ənənələri çox qədimlərə dayansa da, müasir dövrə gəldikdə bu anlayışlar ölkəmizin sosial və mədəni həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycanın coğrafi mövqeyi, müxtəlif mədəniyyətlər və dinlər arasında bir körpü rolunu oynamasına imkan yaratmışdır. İslam, xristianlıq və digər dini inanc sistemlərinin burada qarşılıqlı hörmət və sülh şəraitində mövcudluğu, Azərbaycanın tolerant və çoxmədəniyyətli cəmiyyət qurma yolunda önəmli bir faktordur.
Ölkəmizdə müxtəlif etnik qruplar uzun illərdir bir yerdə yaşayır və bir-birinin mədəniyyətinə hörmətlə yanaşır. Bu müxtəliflik Azərbaycanın sosial strukturunun zənginliyini və gücünü artırır. Azərbaycanda dini və milli azlıqların öz mədəniyyətlərini sərbəst şəkildə yaşamaqları və ifadə etmələri, tolerantlıq və anlayış mühitinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Operativ Media-ya Azərbaycannın dini və milli tolerantlıq sahəsindəki dövlət siyasətindən danışıb:
O, bildirib ki, Azərbaycanın tarixinə nəzər salanda görürük ki, bu tarixi inkişafın ortasında bir xətt qırılmazdır: Bu coğrafiyada azərbaycanlıların müxtəlif etnik topluluqlara, millətlərə və xalqlara dini etiqadlarına böyük ehtiramla yanaşmalarıdır. Bu yanaşmanı göstərən bir çox fakt mövcuddur, lakin ən başlıcası budur ki, məhz müxtəlif ölkələr tərəfindən ciddi münaqişələrə məruz qalan millətlər, məsələn, yahudilər, habelə malakanlar, ruslar, ukraynalılar və digər xalqlar burada sülh və əmin-amanlıq tapıblar.
Biz bunu milli sərvətimiz saymalıyıq, çünki xarici dairələr ötən onilliklər ərzində nə qədər dini ayrı-seçkilik, qarşıdurmalar, məzhəb davaları və radikal birləşmələrin bu və ya digər formalarını bizə transfer etməyə cəhd göstərsələr də bu proseslər sonrakı dövrdə inkişafını tapa bilməmişdir. Azərbaycan müxtəlif etnik və dini qrupların qarşılıqlı hörmət və anlayışla yaşadığı bir yerdir. Hər bir dinin təmsilçiləri burada öz inanclarını, ayinlərini və rituallarını sərbəst şəkildə yerinə yetirə bilirlər. Minlərlə məscid, kilsə və digər ibadət yerləri bunu sübut edir. Həmçinin, burada yaşayan bütün xalqlar müqəddəs kitablarına və dini təlimlərinə uyğun şəkildə həyatlarını davam etdirirlər.
Bunu xüsusi vurğulamaq lazımdır ki, dünyada bəzi ölkələrdə, məsələn, Fransada, Almaniyada, bəzi qərb dövlətlərində islamofobiya və dini ayrı-seçkilik hallarına tez-tez rast gəlirik. Bu hadisələr dözümsüzlük və xarici təzyiqlərdən qaynaqlanır. Lakin Azərbaycanda dövlət-hakimiyyət sistemi bu prosesi təşviq edir və müxtəlif dini inanc sahiblərinə qarşı heç bir iqtisadi, sosial və ya digər formalarla təzyiq göstərilmir. Biz həmçinin, islamı terrorizm ilə əlaqələndirən və ya İŞİD-in bayrağını islam bayrağı ilə qarışdıran qərəzli təbliğatlara da qarşı dururuq.
Azərbaycan dinlərarası və millətlərarası harmoniyanı dözümlü münasibətləri özünün ən böyük sərvətləri hesab edir. Bu harmoniyanın qorunması ölkəmizin sülh və sabitlik mühitində yaşamasını təmin edir".
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.