AZ

İlqar Hüseynli: "Süni inflyasiya Azərbaycan iqtisadiyyatına zərər verir"

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a verdiyi açıqlamada Azərbaycan iqtisadiyyatında müşahidə olunan inflyasiya göstəricilərinin reallığa uyğun olmadığını və bazarda süni inflyasiyanın yaranmasının ciddi problemlərə yol açdığını bildirib:

"İnflyasiya göstəriciləri Azərbaycan reallığına uyğun gəlmir, çünki bazarda həddindən artıq bahalaşma müşahidə olunur. Bəzi hallarda bu bahalaşma süni şəkildə yaradılır. Xüsusilə bayram günlərində tələbatın artması ilə əlaqədar olaraq topdansatışçılar qiymətləri süni şəkildə artırırlar, bu da süni inflyasiyanın yaranmasına səbəb olur. azar nəzarət mexanizmi gücləndirilməlidir. İstehlakçı hüquqlarını müdafiə edən müvafiq qurumlar bu məsələyə nəzarət etməlidirlər. Azərbaycan iqtisadiyyatında süni inflyasiyanın ən böyük problemlərindən biri bahalaşan məhsulların qiymətinin geri enməməsidir. Məsələn, ət və kərə yağı kimi məhsulların qiyməti artdıqda, bazarda qiymət azalması müşahidə olunmur".

QHT sədri idxal olunan məhsullar üçün müəyyən marja müəyyənləşdirilməsinin vacib olduğunu və bu sahədə effektiv nəzarətin artırılmasını təklif edib:

"Dərman preparatlarında olduğu kimi, alış və satış qiymətləri arasındakı faiz dərəcəsinə məhdudiyyət qoyulmalıdır. İqtisadiyyat Nazirliyi bu məsələyə nəzarət edərək idxal mallarında süni qiymət artımının qarşısını almaq üçün konkret tədbirlər görməlidir".

Süni inflyasiyanın iqtisadiyyata mənfi təsir göstərməsinin qarşısını almağın əsas yolunun effektiv dövlət nəzarəti və vətəndaşların aktiv iştirakı ilə mümkün olduğunu vurğulayan İlqar Hüseynli bazarda nəzarətin gücləndirilməsinin vacibliyini bir daha qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
22
qht.az

1Mənbələr