AZ

Son dövrlər hansı qan xəstəlikləri geniş yayılıb?

 

Son vaxtlar daha çox yayılmış qan xəstəlikləri, onların aşkarlanmsı və düzgün diaqnozun qoyulması  haqqında  Dr. Saleh Rzayev cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

-Daha çox hansı problemlərlə bağlı pasiyentlər sizə müraciət edirlər?

-Əsasən qanazlığı problemi ilə pasiyentlər müraciət edir, amma, digər problemlərlə bağlı müraciətlər də az deyil. Xəstələr bizə ümumi halsızlıq, gücsüzlük, başgicəllənmə, təngnəfəslik, gözlərdə qaralma, bəzən aşırı dərəcədə saçlarda tökülmə, səbəbsiz göyərmə, uzun müddətli səbəbi tapıla bilinməyən qızdırma  kimi şikayətlərlə müraciət edirlər və biz araşdırma zamanı müəyyən qan xəstəliyi olduğunu görürük. Ümumiyyətlə hematologiya sahəsi və hematoloji xəstəliklərin çoxu bir qədər qəlizdir. Bu səbəbdən də bəzən umumi terapevtlər və ya digər mütəxəssislər tərəfindən ilkin umumi müayinələrdə görülən hematoloji patalogiyalar bizə yönləndirilir.

-Son dövrlər hansı qan xəstəlikləri geniş yayılıb?

 Günümüzdə  qan xəstəliklərinin diaqnostikasında meydana gələn yeniliklər sayəsində daha erkən diaqnoz qoymaq mümkün olur və buna görə qan xəstəlikləri statistikaya görə artan xətlə davam edir. Daha çox əlbəttə ki, cəmiyyətimizə böyük problemlər yaradan bədxassəli qan xəstəlikləri geniş yayılıb. Amma, onu da qeyd etmək lazımdır ki, müasir insanlarımızın bugünkü qidalanma tərzi ilə əlaqədar qidada bəzi vacib mineral və vitaminlərin çatışmazlıqları nəticəsində qanazlığı da son dövrlər artmaqdadır.

-Bədxassəli qan xəstəlikləri hansı əlamətlərlə özünü göstərir?

Bədxassəli qan xəstəliklərinin əksər növləri kəskin gedişli olduğundan qısa müddət heç bir əlamət vermədən gizli davam edə bilər. Xəstələrdə davamlı və dirəncli qızdırma, halsızlıq, göyərmələr, bəzən qanaxmalar olduqda hematoloq konsultasiyası zərurəti yaranır. Xronik formada olan bədxassəli qan xəstəlikləri isə uzun müddət şikayətsiz olur, ya təsadüfən, ya da artıq irəli mərhələdə bəzi şikayətlər yarandıqda müraciət edirlər. Bəzən tromblaşmadan sonra qan xəstəliyi olduğu ortalığa çıxır. Bəzən də diş çəkilən zaman uzun müddət dayanmayan qanaxmadan sonra hematoloji xəstəlik olduğu görülür. Ümumiyyətlə hematoloji xəstəliklərin xüsusi spesifik şikayətləri olmasa da, qan analizlərində olan dəyişiliklər artıq hematoloqa yönləndirilməyə əsas verməlidir. Əlbəttə ki, qanda olan ikincili dəyişiliklər nəzərə alınmalıdır.

-Bədxassəli qan xəstəliklərinin uşaqlar arasında geniş yayılması nə ilə əlaqədardır?

-Bədxassəli qan xəstəliklərinin konkret yaranma səbəbi tam bilinməsə də, müxtəlif araşdırmalara əsasən bəzi təsir edən amillər vardır. Düşünürəm ki, texnologiyanın inkişafı nəticəsində ətraf mühitin həddindən artıq çirklənməsi, qidaların tərkibinin keyfiyyətli olmaması, konservant qidalardan aşırı istifadə edilməsi və ən əsası da geni dəyişdirilmiş müxtəlif meyvə, tərəvəzlərin istifadə edilməsi birinci təsir edən amildir.

-Qanazlığı uşaqlarda hansı problemlərə yol açır? Qarşısını almaq üçün nə etmək lazımdır?

-Qan bədənin hər yerində olduğu üçün qanazlığı zamanı bütün orqanlar bundan təsirlənir. Xüsusən uşaqlarda bunun ciddi əhəmiyyəti var, çünki, böyüyən orqanizmdə qan dəyərlərində olan çatışmazlıqlar inkişaf geriliyinə, müxtəlif xəstəliklərlə tez-tez xəstələnməyə, qan vasitəsiylə beynin normal oksigen ehtiyacının ödənilməməsinə və bu da bəzən yaddaş pozuntusuna, əqli inkişafın normal getməməsinə səbəb olur. Qarşısını almaq üçün ilk növbədə mütəmadi olaraq qan dəyərlərinə baxmaq və müvafiq çatışmazlıqları vaxtında müalicə etmək lazımdır. Bu mövzuda keyfiyyətli qidalanmanı da unutmaq olmaz.

-Son vaxtlar qan dəyərlərini yoxlamadan hər kəs müxtəlif dəmir tərkibli qida əlavələri və müxtəlif vitaminlər içir. Həkim göstərişi olmadan bu dərmanların qəbulu hansı problemlərə yol aça bilər?

-İlk öncə onu qeyd etmək lazımdır ki, dəmir bir metaldır və metaldan istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Əlbəttə ki, yoxlamadan, çatışmazlığın olduğunu dəqiqləşdirmədən c hansısa dərmanı içmək doğru deyil. Çünki, hər bir mineral və ya vitamin çatışmazlığı nə qədər problem yaratsa da, artıqlığı daha böyük problem ola bilər. Biz təbii olaraq dəmiri və yaxud digər vitaminləri qida vasitəsiylə qəbul edirik. Yaxşı olardı ki, olaraq cəmiyyətimiz bu barədə mariflənərək profilaktik olaraq tərkibində dəmir ve ya digər müvafiq vitaminlər olan qidalardan istifadə etsinlər.

-İrsi qan xəstəliklərinin qarşısını almaq mümkündürmü?

-Bizim cəmiyyətimizdə irsi qan xəstəliklərindən ən çox rast gəlinəni talassemiya xəstəliyidir. İrsi qan xəstəliklərinin qarşısını almaq üçün nigah öncəsi  müayinələrdə irsi qan xəstliklərinin daşıyıcılarını aşkarlayıb və iki daşıyıcının ailə qurmaması üçün marifləndirmə aparmaq lazımdır. Qeyd etmək istəyirəm ki, iki talassemiya daşıyıcısı olan şəxs ailə qurarsa talassemiya xəstəsi olan uşaqların doğulma ehtimalı yüksəkdir. İlk öncə əlbəttə ki, hər ikisi daşıyıcı olan cütlüyün ailə qurmaması tövsiyə olunur. Ailə quracaqları təqdirdə mütləq prenatal mərkəzdə qeydiyyata alınaraq izlənməsi və bətndaxili xəstəliyi aşkarlayıb xəstə uşağın doğulmasına yol verməmək lazım olduğu barədə cütlüklər məlumatlandırılır.

-Talassemiya xəstəliyinin daşıyıcıları üçün hansı risklər var?

-Talassemiya daşıyıcıları adətən normal, praktik sağlam insanlardan heç nə ilə fərqlənmirlər. Onların şikayət və narahat lıqları olmur, onların heç bir riskləri yoxdur. Talassemiya daşıyıcılığı ya təsadüfən aşkarlanır, ya da nəsildə kimdəsə bu aşkarlanıbsa hər ehtimala görə qan analizlərinə baxdıqda şübhələnib müvafiq testlərlə aşkarlanır.

-Talassemiya xəstəliyinin nə kimi ağırlaşmaları ola bilər?

-Talassemiya xəstəliyi ciddi bir qan xəstəliyi hesab edilir. Uşaq yaşlarında aşkarlanır, çünki, klinik əlamətləri tez üzə çıxır. Bu xəstələr davamlı qan transfuziya müalicəsi alırlar. Eyni zamanda transfuziya nəticəsində orqanizmdə aşırı dəmir toplanması olduğundan dəmirin orqanizmdən müvafiq dərman preparatları ilə qovulması, yəni, xelator terapiya aparılır. Talassemiya xəstələrində dayaq hərəkət sistemində deformasiyalar ola bilər. Ona görə də talassemiyalı xəstələrin spesifik üz quruluşu olur. Talassemiyalı xəstələrdə yaş artdıqca bütün orqan və sistemlərdə ağırlaşmalar görülür. Bəzən də bu ağırlaşmalar ölümlə nəticələnir.  Irsi qan xəstəliyi olan talassemiya daşıyıcılığı cəmiyyət üçün problem yaratmasa da bu dasıyıcı insanların bir-biri ilə ailə qurmasına və talassemiyalı uşaqların dünyaya gəlməsinə yol verməyək.

 

Mənbə: qafqazinfo.az

Aqreqator
phrase_var_article.chosen
579
28
qafqazinfo.az

10phrase_var_article.sources