Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahid dindirilib.
Femida.az-ınxəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid Hökümə Zeynalova bildirib ki, iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun bacısıdır.
O deyib ki, qardaşının evinə gedən zaman Ə.Zeynalovun vəziyyətinin pis olduğunu görüb:
"Orada Nelli ilə Azərbaycan dilində danışırdım. Mən Əfqana yemək bişirib aparmışdım. Onu güclə yedizdirdim. Evdə mürəbbəli maye var idi. Qonşu otaqda Nellinin başqası ilə telefonla danışdığını eşitdim. O, həmin şəxsə yarı rus, yarı Azərbaycan dilində deyirdi ki, dərmanı 3 dəfə dalbadal verdim. Səhəri gün isə Nellini cibindən dərmanı çıxardaraq qardaşıma verən yerdə tutdum. Nelli dedi ki, "valerianka"dı.
Namaz qılan zaman Əfqan olan otağın qapısının örtüldüyünü və qardaşımın xırıldıyan səsini eşitdim. Digər qardaşım Mamedi çağırdım, Əfqanı həkimə apardıq. Sonradan Nelli götürdüyü pulları etiraf etdi. Dedi ki, "Əfqanı öldürməsəydim, onlar məni öldürəcəkdi". Onların kim olduğunu soruşanda isə Nelli ağladı".
Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.
İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Əfqan Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.
Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.
İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.
Məhkəmədə ifadə verən N.Fabriçnaya ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib.