AZ

"Azərkosmos"un teleportu “TIER 4” uyğunluq sertifikatını yeniləyib

Azərbaycan Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) teleportu “Dünya Teleport Assosiasiyası”nın (World Teleport Association - WTA) “Tier 4” uyğunluq sertifikatını yeniləyib.

Bu barədə MediaPost-a qurumdan məlumat verilib.

Xatırladaq ki, Azərkosmosun teleportu ilk dəfə 2020-ci ildə beynəlxalq “Tier 4” sertifikatına layiq görülüb. Bu o deməkdir ki, bu üç il ərzində Azərkosmosun teleport xidmətləri yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə tam cavab verib. Bakı teleportunun “Tier 4” sertifikatını yeniləməsi müştərilərə göstərilən xidmətin keyfiyyət zəmanətidir. Sertifikatın yenilənməsi, həmçinin infrastruktur, avadanlıq və prosedurların beynəlxalq təşkilat tərəfindən audit olunması baxımından da dəyərli imkandır.

Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportu peyklərdən alınan siqnalların izlənməsi və nəzarəti xidmətlərini təqdim edir. Bununla yanaşı, teleport həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik, hazırda 20-yə yaxın anten ilə fəaliyyət göstərən Bakı teleportunun unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.

Qeyd edək ki, WTA-nın “Teleport Sertifikatlaşdırma Proqramı” teleport operatorlarına öz əməliyyat və xidmətlərinin keyfiyyətini sənədləşdirmək üçün obyektiv, şəffaf və beynəlxalq səviyyədə qəbul edilmiş metod təqdim edir. Eyni zamanda müştərilərə mümkün olan ən yaxşı teleportları, xidmət təminatçılarını və strateji tərəfdaşları seçmək üçün bir vasitədir. Hazırda dünyanın 75-dən çox teleport operatoru “Tier 4” sertifikatına malikdir.

Xəbərlər departamenti

Seçilən
227
13
mediapost.az

10Mənbələr