AZ

Baş Prokurorluq: "Seçki zamanı hüquqpozmalara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək"

Baş Prokurorluqda keçirilən Kollegiya iclasında Prezident seçkiləri ilə bağlı vətəndaşların hüquqlarının tam şəkildə qorunması, seçki prosesi zamanı hüquqpozmalara yol verildiyi halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi vurğulanıb.

Bu barədə MediaPost-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2023-cü ilin tarixi əhəmiyyəti onunla ifadə olunur ki, bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf edir.

Ulu öndərin irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olmaqla, təkcə “Heydər Əliyev ili” çərçivəsində deyil, bütün dövrlərdə bunun əhəmiyyəti qeyd olunub.

Vurğulanıb ki, bu il çərçivəsində digər dövlət qurumları kimi Prokurorluq orqanları tərəfindən də, dahi liderin mənalı həyatı və Azərbaycanın parlaq gələcəyinə istiqamətlənmiş mükəmməl, çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlər, o cümlədən müxtəlif konfranslar, dəyirmi masalar, görüşlər, açıq qapı tədbirləri və s. təşkil olunub, film çəkilib, nəşrlər çap edilib.

Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan torpaqlarımız azad edilmiş, 23 aprel 2023-cü ildə Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması və bunun ardınca 9 sentyabr 2023-cü il tarixdə başlanmış və 24 saatdan az müddətdə davam edən lokal xarakterli anti-terror əməliyyatı ilə Azərbaycanın dövlət suverenliyi bütün Azərbaycan ərazisində bərpa edilib.

Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması və 08 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində keçirilən Zəfər paradı ilə Prezident cənab İlham Əliyev ərazi bütövlüyümüzün bərpası barədə Azərbaycan xalqına verdiyi sözü, Azərbaycan xalqı qarşısında özünün ən müqəddəs tarixi missiyasını yerinə yetirib.

Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən Müharibəsi və ondan sonrakı Zəfərlərin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə, Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın əsasını qoyduğu və həmin ərazilərin dirçəlməyə başladığı diqqətə çatdırılıb.

Kollegiya iclasında 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı vətəndaşların hüquqlarının tam şəkildə qorunması, seçki prosesi zamanı hüquqpozmalara yol verildiyi halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi xüsusilə vurğulanıb.

Bununla yanaşı, 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixli Sərəncamla “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş ən böyük töhfə olduğu, növbəti ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP) əhəmiyyəti vurğulanıb.

Daha sonra ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi qeyd edilib.

İclasda Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi, “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqi vəziyyəti, “Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üçün Strateji İnkişaf Konsepsiyası”nın layihənin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Qarabağdakı separatçı rejimin yüksək vəzifəli şəxslərinin barəsində istintaq edilən cinayət işinin hazırkı mərhələsi barədə İstintaq idarəsinin rəisi Nemət Əvəzov məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda Kollegiyanın qərarı ilə bir sıra məsələ üzrə qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Xəbərlər departamenti

Seçilən
97
50
mediapost.az

10Mənbələr