Bu il ərzində Azərbaycan üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmış, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 milyard kubmetr su verilib.
MediaPost xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov qurumun ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir.
Ə. Şirinov bildirib ki, bu il Prezidentin "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" və "Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" müvafiq sərəncamlarının icrasına başlanılıb, o cümlədən suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilib.
O qeyd edib ki, cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq texniki-iqtisadi əsaslandırma və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb:
"Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış və Agentliyin də təmsil olunduğu Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülmüş və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard kubmetr, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb. Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərmiş, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir".