AZ

Köndələnçay su anbarlarında təmir-bərpa işləri yaxın günlərdə tamamlanacaq

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O bildirib ki, ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilir.
“Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub.
Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir.
Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq Sərəncamlarının icrasına başlanılmış, o cümlədən suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilib.
Cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq TİƏ və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış və Agentliyin də təmsil olunduğu Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülmüş və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılmışdır. Məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kbm artıq həcmdə su toplanıb.
Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərmiş, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.
Görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmış, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. kbm su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir”, -deyə o qeyd edib.

Seçilən
39
6
xalqcebhesi.az

10Mənbələr