AZ

Su itkilərinin azaldılması məqsədilə hansı addımlar atılır? - AÇIQLAMA

Su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılmış, bundan 4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir.

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq

O bildirib ki, bu istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanmış, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir.

“Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanmışdır.

Ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilmiş, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılmışdır. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmış, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılmışdır. Respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilmiş və növbəti illərdə 4 mərhələdə qazılması nəzərdə tutulmuşdur.

Cari ildə ayrılmış vəsaitə uyğun olaraq 1-ci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılmış və bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Bununla yanaşı, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə 780 km içməli, 171 km tullantı su xətləri çəkilib, 2 su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilmişdir. Abonentlərin sayğaclaşma səviyyəsi 89,5 faizə yüksəlmiş, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib”, - deyə müşavir qeyd edib. (Trend)

Seçilən
39
10
fed.az

10Mənbələr