Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dekabrın 27-də Bakıda keçirilən ümumi yığıncağında bəyanat qəbul olunub.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “Azərbaycan xalqı hazırda tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli mərhələsini yaşayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi şanlı Qələbə ilə nəticələnib, əvvəlcə, ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyi tam təmin olunub.
Azərbaycan 44 günlük müharibədən daha güclü çıxdı. 2023-cü ildəki antiterror tədbirləri cəmi bir gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi.
Prezident İlham Əliyev memarı olduğu bu tarixi qələbələrlə xalqımızın son 200 illik dövrdə üzləşdiyi məşəqqətlərə, məğlubiyyətlərə və sarsıntılara son qoydu, Azərbaycanın dövlətçilik tarixinin qızıl dövrü açıldı.
Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - “ata vəsiyyəti”ni yerinə yetirdi. 8 Noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər Günü kimi yazıldı. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır.
İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr edir!
Ümummilli Liderin 30 il əvvəl ağır, böhranlı vəziyyətdən və dağılmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedərək, Prezident İlham Əliyevin qətiyyəti, zamanın çağırışlarına cavab verən siyasəti ilə dinamik inkişaf etməkdədir.
Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb.
Biz veteranlar bugünkü Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir!
Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, hər bir azərbaycanlının ürəyi bir vurur, hamı eyni amal uğrunda çarpışır. Budur milli güc! Budur milli lider İlham Əliyev siyasəti!
Bu gün hər kəs qurub-yaratmağa tələsir. Azərbaycan öz imkanları ilə qədim yurdlarımıza yeni həyat bəxş edir, insanlarımız doğma ata-baba ocaqlarına qayıdır.
Biz veteranlar gənclərə baxaraq fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Onlar Prezident İlham Əliyevin dövründə yetişən gənclikdir, Vətəni, Bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun!
Biz çox əzablı yollar görmüşük, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir.
Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb bu ümumi yığıncağı keçirməklə bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik.
İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onun sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir”.