AZ

Lukaşenkodan Ermənistana “bizimlə olmalısan” XƏBƏRDARLIĞI: İrəvan nə edəcək? - DETALLAR

Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının sammiti keçirildi və uzun müddətdir Rusiyadan incik düşən Ermənistanın baş naziri Nikol Paşinyan da iclasa qatıldı. Paşinyanın Aİİ-nin iclasındakı iştirakından sonra Rusiya ilə Ermənistanın münasibətlərindəki problemlərin ikitərəfli nailiyyətlərlə əvəzlənəcəyini ehtimal etmək düzgün səslənmir. Çünki Ermənistanın Rusiyaya qarşı davamlı və güclü sponsor axtarışlarının davam etməyəcəyinə zəmanət vermək çətindir, bu mənada Moskva ilə İrəvanın əlaqələrindəki gələcək təhlükələrə diqqət yetirilə bilər. Ən azından, sammit çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında Rusiyadan Ermənistana tuşlana biləcək oxların xarakterini nümayiş etdirdi.
Cənab Lukaşenko deyib ki, Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik.

Mövzunu "MediaPost"a şərh edən siyasi şərhçi Aqşin Kərimov bildirib ki,  Lukaşenko Fransanın Qafqaza müdaxilə cəhdlərinin qiymətləndirilməsini də ortaya atıb və Ermənistana “bizimlə olmalısan” xəbərdarlığını ünvanlayıb: "Təbii ki, Lukaşenko daha geniş spektrə toxunaraq Kremlin laboratoriyasında Ermənistanla əlaqədar hazırlanan “məlhəm”ləri gündəmə gətirir.

alt

Şübhə qalmır ki, Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin təlimat və direktivlərindəki Ermənistanı əhatə edə biləcək qövsün anonsunu verir. Hərçənd ki, Rusiya ilə Ermənistan münasibətləri yoluna qoymaqdan ötrü diplomatiya və tərəfdaşlıq potensiallarının artırılmasına diqqət edə bilərlər. Lakin bunun özü belə Ermənistanı Rusiya ilə Qərbin geostrateji rəqabəti arasında təhlükəsizlik cənnətinə çevirə bilməkdən uzaqdır. Baş nazir Paşinyanın Aİİ İqtisadi Şurasının iclasındakı çıxışındakı narrativlər də regional nizamlama tərəzisini xarab edib, Rusiyanın qəzəblərini artıra bilər. Məsələn, Paşinyan Ermənistanın növbəti ildə Aİİ-yə sədrlik edəcəyi dönəmdən danışarkən ittifaqın geosiyasi gündəmi olmayan iqtisadi birlik olması prinsipinə əsaslandığını qeyd etdi.
Bu azmış kimi, Avrasiyaya inteqrasiyanı siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışdığını vurğuladı. Bu iki kontekst Ermənistanın regional təhlükəsizlik, hərbi nizam müstəvisində Rusiya ilə əməkdaşlığını Qərbə inteqrasiya ilə əvəz etməsinin əyani konturlarını göstərir. Eyni zamanda, Paşinyan bu təmayülü əlində saxlayaraq Aİİ-ni Ermənistanın fundamental iqtisadi problemlərinin həllinə dəvət edir. Çünki Ermənistanın Aİİ ölkələri ilə ümumi bir sərhədi yoxdur və bu, İrəvanın iqtisadi portfelində çətinliklər və böyük iqtisadi xərclər yaradır. Bəllidir ki, Aİİ Rusiyanın çətiri altındadır və Kreml İrəvana təzyiq edib onu öz orbitinə qaytarmaqdan ötrü iqtisadi təzyiq alətlərindən də istifadə edir".

Politoloqun sözlərinə görə, Lukaşenkonun açıqlamasının yaxınmüddətli perspektiv üçün təfərrüatı Rusiyanın Ermənistana daha çox iqtisadi basqılardan istifadə edəcəyini vurğulayır: "Bunlar Ermənistana təsir etməsə, o zaman Rusiyanın planlarındakı İrəvana qarşı radikal tonun sədaları başqa müstəvidə eşidiləcək. Düzdür, Rusiya müəyyən zaman kəsiyində Ermənistana bəzi təhlükəsizlik vədləri verib onu özünə doğru cəzb etməyə həvəsləndirə bilər. Lakin Rusiyanın da, Qərbin də regionda geosiyasi əməliyyatlarını genişləndirib bir-birlərinə qarşı hibrid cəbhə açmasında Ermənistanın trayektoriyasını əyməsi böyük rol oynayır. Rusiya bundan sonra Ermənistanı silahlandırsa belə, bu, Qərbin Ermənistana geniş maliyyə və maddi-texniki dəstəklərinə cavab kimi başa düşülməlidir. İnandırıcı səslənmir ki, Rusiya Ermənistanın strateji müdafiə aparatı olmaq məsuliyyətini üzərinə götürmək istəyəcək".
 

Müşviq Tofiqoğlu

Seçilən
91
45
mediapost.az

10Mənbələr