AZ

Toyda mahnı sifarişi üstündə qohumlarını bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Rüfət Həsənzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: Hadisə ötən ilin iyun ayında Gəncə şəhərində yerləşən “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb. Belə ki, Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri - Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Həsənzadə saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib.

 

Faktla bağlı R.Həsənzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 28 Dekabr 2023, 10:06   
Seçilən
296
2
pravda.az

10Mənbələr