AZ

Korrupsiya AP-nin kabusuna çevrilib...

Avroparlament “köhnə qitə”nin demokratik imicinə qarşı

Qərəzli “qətnamə” və ya erməni lobbisinin “əsirləri”...  

Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməyən, beynəlxalq aləmin tələblərinə məhəl qoymayan Ermənistanın korrupsioner havadarları yenidən iş başındadır. Söhbət Avropa İttifaqının ölkəmizə qarşı növbəti qərəzli münasibətindən gedir. Məsələyə keçməmişdən öncə vurğulamaq lazımdır ki, ötən 30 ildə Azərbaycan dövləti işğala məruz qalan tərəf olsa da, sülh prinsipini hər zaman ön sırada tutub, problemin danışıqlar yolu ilə həllinə üstünlük verib. Amma adını “beynəlxalq aləm” qoymuş təsisatlar, təşkilatlar Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə, daha çox işğalçının yanında yer alıblar. Təbii ki, bu məsələdə xaricdəki erməni lobbisinin “xidməti” xüsusi “dəyərləndirilməlidir”. Beynəlxalq təşkilatların üzvlərinin, hətta rəsmilərinin belə rüşvətlə ələ alınması, korrupsiya girdabına düşməsi müasir dünyada tez-tez rast gəlinən presedentlərdən sayılır. Maraqlıdır ki, hətta bütün “maskası” üzündən enən bu kimi təşkilatlar sonradan da ədalətsiz mövqedən əl çəkmir, öz addımlarını davam etdirirlər...

Eva Kailinin və Bob Menendezin digər “şərikləri” - Avropanın “kabusu”...

Məsələn, Avropa Parlamenti kimi... Mövzuya keçməmişdən qabaq bir haşiyəyə çıxaq - həyatının 3 ilini (1845-1848) Brüsseldə yaşayan sosializmin ideoloji rəhbərlərindən sayılan Karl Marks yazırdı ki, korrupsiya Avropa üzərində kabusa çevrilir. Filosof sanki bugünkü Avropanın mənzərəsini iki əsrə yaxın keçmişdə Avropanın “siyasi paytaxtından” təsvir edirdi. Bu gün özünü demokratiya keşikçisi elan etmiş Avropa təsisatlarının düşdüyü durum Marksın təsviri ilə analogiya təşkil edir. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qərəzli, ədalətsiz qətnamənin ortaya çıxma səbəbləri də məhz Avropa üzərindəki korrupsiya kabusunun “siluetidir”.

Nəzərə alsaq ki, Azərbaycan bu gün Avropa İttifaqının üzvü olan ölkələrin enerji təminatında mühüm rol oynayır, ümumilikdə Aİ ilə mühüm enerji dialoqu aparır, Avropa Parlamentinin belə bir əsassız sənəd qəbul etməsi anlaşılan deyil. Xüsusilə qeyd edilməlidir ki, Avropa Parlamentinin imici artıq uzun müddətdir ki, yerlərdə sürünür - adı milyonluq korrupsiya faktlarında hallanır və ittiham edilir. Nə üçün öz “ayıbına kor olmayan” Avropa Parlamenti yenidən ədalətsiz addımlara əl atır? Yuxarıda qeyd etdiyimiz “korrupsioner havadarlar” ifadəsi də məhz buradan qaynaqlanır. Qərbin ermənipərəst siyasətçilərinin, qurumlarının üzündən maskalar endikcə əsl sima(sızlıq)ları üzə çıxır. Bir müddət öncə anti-Azərbaycan mövqeyi ilə “şöhrət qazanan” Bob Menendez kimi...  Məlum olur ki, Menendezin Avropa parlamentində də “şərikləri” az deyil.

Avropa Parlamenti və onun üzvləri üçün də bu fakt keçərlidir. Ortada sübutlar və faktlar mövcuddur. Cəmisi aylar öncə Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsi yaddaşlardan silinməyib. Onsuz da irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamentinin rəsmisinin adının belə çirkin korrupsiya faktlarında hallanması maraqlı nüansları ortaya çıxarır - demək ki, Avroparlamentdə müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisinin əyilməsinə, beynəlxalq prinsiplərin arxa plana keçirilməsinə, lobbi maraqlarının önə çəkilməsinə, imperialist güc mərkəzlərinin maraqlarının birtərəfli qaydada təmin edilməsinə dair çoxsaylı faktların olması ilə bağlı informasiyalar həqiqəti əks etdirir. Siyahı tək yunan deputatla da yekunlaşmır- bu ilin fevralında Avropa Parlamentində öz mövqelərini dəstəkləmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda şübhəli bilinən Avropa Parlamentinin iki deputatı saxlayıb. Avroparlamentin deputatları Andrea Kozzolino və Mark Tarabella həbs edilərək Brüssel prokurorluğunda dindiriliblər. Hər iki siyasətçi Avropa İttifaqında qərarlara təsir etmək üçün “üçüncü ölkələr”dən müavinət almaqda ittiham olunur. 

Beləliklə  Avroparlamentin korrupsiya və rüşvət vasitəsilə digər ölkələrə qarşı ədalətsiz qətnamələr qəbul etməsi artıq adi hal alır. Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktlarının üzə çıxması Avropa Parlamentinin imicini yerlə bir edib - amma Avroparlament baş verənlərdən nümunə çıxarmaq istəmir. İndi də Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutur...

Siyasi təsbit - korrupsiya qoxulu “qətnamə”...

Azərbaycana qarşı tutulan qərəzli mövqenin də bir ucunda korrupsiyanın olması istisna deyil. Avropa təsisatlarına yaxından bələd olan siyasət adamları bunu təsdiqləyirlər. Məsələn, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Asim Mollazadə KİV-ə açıqlamasında bildirmişdi ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə qəbul etməsindən korrupsiya qoxusu gəlir. Onun sözlərinə görə, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır: “Avropa Parlamentinin qətnaməsinin arxasında şübhəsiz ki, korrupsiya dayanır. Avropa Parlamenti daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiya ittihamları ilə üzləşib. Bilirsiniz ki, Avropa Parlamentinin vitse-spikeri korrupsiyaya görə də həbs edilib. İstisna deyil ki, o ənənələr Avropa Parlamentində hələ də davam etdirilir. Mənə elə gəlir ki, müvafiq hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdırlar və bu siyasi korrupsiyanın qarşısını almalıdırlar”.

Deputat Azərbaycana qarşı qəbul edilən qətnaməni qərəzli hesab etdiyini bildirib: “Mən buna başqa qiymət verə bilmərəm. Çünki bu qərəzli qətnamədir. Ondan korrupsiya qoxusu gəlir”.

Bu, yalnız azərbaycanlı bir millət vəkilinin qənaəti deyil - bu, Avropa təsisatları ilə yaxından işləyən, illərdir onların “siyasi mətbəxini” görən və bilən peşəkar siyasət adamının qənaətidir. Avroparlamentin müəyyən “pay və ya pul” qarşılığında erməni maraqlarının əsirinə çevrilməsi isə “köhnə qitə”nin demokratik imicinin yerlərdə süründüyünü növbəti dəfə təsdiqləyir. Avroparlamentin bu addımı onların heç də həqiqətin və ədalətin deyil, korrupsiyanın, birtərəfli və qərəzli mövqenin, işğalçının və vandalın yanında olduğunun növbəti sübutudur...

Türkiyədən etiraz...

Avropa Parlamentinin qərəzli qətnaməsi bəzi ölkələr tərəfindən də açıq kontekstdə etiraza səbəb olub. Türkiyə XİN məsələyə münasibət bildirib. Qardaş ölkənin xarici siyasət idarəsinin bəyanatında göstərilir ki, Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir. Populizm, irqçilik, islamafobiya, antimultikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi üçün arzumuz ondan ibarətdir ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, hərtərəfli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır”.

Həmçinin əlavə olunub ki, Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, beynəlxalq hüquq normaları çərçivəsində sülhün təmin olunması üçün intensiv səylər göstərir.

“Ölkəmiz Ukrayna müharibəsi də daxil olmaqla, bütün münaqişə və humanitar böhranların yaşandığı sahələrdə qardaşlıq və ümumi maraqların bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizi bu istiqamətdə çəkisi və səylərindən istifadə olunan fundamental aktordur. Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik”, - deyə bəyanatda vurğulanıb.

P.İSMAYILOV

Seçilən
67
yenimedia.az

1Mənbələr