Sosial şəbəkələrdə qazi Vüqar Hüseynovun əsa ilə metro çıxışında corab satmasını əks etdirən görüntülər yayılıb. Videoda iddia edilir ki, qaziyə əlilliklə bağlı imtina gəlib və o, bu satışı ehtiyac ucbatından həyata keçirir. Görüntülərdə bildirilib ki, qazi ayağını qatlamaqda çətinlik çəkir.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reaksiya verib.
Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Vüqar Hüseynov işlə təmin olunmaq üçün məşğulluq orqanına müraciət etməyib: “Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynova müharibə veteranı olduğu üçün 2022-ci ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) ödənilir. Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib. İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib.
Əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında o, 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb.
Sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb”.
Qeyd edək ki, Vüqar Hüseynov “Şuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta