AZ

Xartiya qüvvədən düşdü!

Yeliseyin qərəzinə İsmayıllıdan sərt cavab

Bir vaxtlar Azərbaycan-Fransa əlaqələri çoxistiqamətli səciyyə daşısa da, son zamanlar ikitərəfli münasibətlərdə arzuolunmaz hallar yaşanır ki, bunun da əsas günahı Emmanuel Makron iqtidarının üzərinə düşür. Prezident E.Makronun özü və onun komandasında yer alan yüksəksəviyyəli rəsmilər davamlı olaraq Azərbaycana qarşı bəyanatlar səsləndirir və davranışlar sərgiləyirlər. Fransa hakimiyyətinin aqressivliyi o həddə çatıb ki, hətta iki ölkə arasında tarixən mövcud olan və sonrakı mərhələlərdə daha da zənginləşdirilən mədəni əlaqələrə də kölgə salınır. Bu günlərdə Fransanın Evian-le-Ba şəhərində “Azərbaycan parkı”na və Xurşidbanu Natəvanın buradakı abidəsinə hörmətsizlik edilməsi buna ən son nümunədir.

Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyan dövlətdir. Ölkəmiz müstəqil xarici siyasət kursu həyata keçirir və tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət əsasında qurur. Respublikamızın Fransa dövləti tərəfindən ardıcıl səciyyə daşıyan aqressiv hərəkətlərə cavabı da özünü çox gözlətməyib. Belə ki, 28 dekabr 2023-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.

Xoş niyyətə əsaslanan “qardaşlaşmış şəhərlər” ideyası

Mədəniyyət hadisələri tarixən xalqlar və dövlətlər arasında körpü yaradan bir vasitə olub. Elə zamanında Azərbaycan və Fransa şəhərlərinin qardaşlaşması da xoş niyyətin ifadəsi idi. Bəhs olunan bəyanatda bildirildiyi kimi, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub. Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Hər iki ölkənin geniş ictimaiyyətinin təmsilçilərinin qatıldığı tədbirdə həmin gün Evian-Le Bada İsmayıllı günü elan edilib. O da qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.

Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib.  İsmayıllının qədim yaşayış məskənlərindən biri olması və çoxsaylı xarici turistlərin diqqətini çəkməsi, həmçinin rayondakı Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi şəhərlərarası əməkdaşlıq üçün əlavə stimul yaradıb.

Qərəzli və qeyri-obyektiv fikirlər rədd edilir

Təəssüf doğuran haldır ki, məhz Fransanın qərəzli yanaşması səbəbindən xoş niyyətə əsaslanan “qardaşlaşmış şəhərlər” ideyası iflasa uğrayıb. Bəyanatda oxuyuruq: “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır.

2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib”.

Evian-Le Ba şəhərində “Azərbaycan parkı”na və Natəvanın abidəsinə hörmətsiz münasibət Fransada ksenofobiyanın, başqa mədəniyyətlərə dözümsüzlüyün artmasının ifadəsidir. Bəyanatda Fransanın bu kimi davranışları qətiyyətlə pislənib. “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir”, - deyə sənəddə vurğulanıb.

Eyni zamanda, Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilib. Həmçinin bildirlib ki,  İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın.

MÜBARİZ

Seçilən
165
33
yeniazerbaycan.com

10Mənbələr