AZ

Yaponiyada zəlzələdə ölənlərin sayı 92-yə çatıb, 242 nəfər itkin düşüb

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 92-yə çatıb.

“İki sahil” xəbər verir ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Səlahiyyətli qurumlar 242 nəfərin itkin düşdüyünü açıqlayıb. Xilasetmə işlərinə xilasedicilər, fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.

Dağıntı altında qalanların xilası üçün vacib olan 72 saatlıq müddət başa çatdığından itkin düşənlərin sağ tapılması ehtimalı hər dəqiqə azalır. Buna baxmayaraq, ümidlər tükənmir. Yanvarın 4-də axşam saatlarında, yəni zəlzələnin baş verməsindən 3 sutka ötəndən sonra dağıntılar altından 80 yaşlarında bir qadın sağ tapılıb. Xilasedicilər qadının şüurunun yerində olduğunu və reaksiya verdiyini söyləyiblər. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.

Yaponiyanın Meteorologiya Agentliyi qarşıdakı günlərdə də güclü yeraltı təkanların ola biləcəyini proqnozlaşdırır.

Seçilən
270
16
ikisahil.az

10Mənbələr