AZ

Parisin havadan asılı qalan tezisləri...

Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur

Azərbaycan bu ölkəyə öz meydanında qalib gəlir

Postmüharibə mərhələsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində, sülhyaratma prosesində yer almağa cəhdlər göstərən Fransa əslində, birtərəfli və qərəzli yanaşma ortaya qoyur. Son zamanlar prezident Emmanuel Makron və Fransanın digər ranqlı rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin şahidi oluruq. Eyni zamanda, bu ölkə tərərfindən Ermənistan yeni müharibəyə təhrik edilərək silahlandırılır. Bəs bütün dünyaya demokratiya dərsi keçmək iddialarında bulunan Fransanın ölkəmizə belə mənfi münasibətinin səbəbi nədir? Paris Bakıdan nə istəyir?

Fransa siyasətində nəsil dəyişməsinin kədərli izləri

Azərbaycanın Fransaya münasibətdə hər hansı bir qərəzi yoxdur. Respublikamız çoxvektorlu xarici siyasət kursuna sadiq qalaraq bu ölkə ilə də qarşılıqlı maraqlar əsasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində hər hansı bir problem görmür. Problem yalnız Fransanın, daha dəqiq desək, bu ölkənin hazırkı iqtidarının respublikamıza qərəzli münasibət bəsləməsindədir. Azərbaycan Prezidenti İlham

Əliyev bu günlərdə yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində müstəqillik dövründə Azərbaycan-Fransa münasibətlərinin tarixinə qısa nəzər salıb. Dövlət başçımızın bildirdiyi kimi, əslində, hər şey çox yaxşı başlamışdı. Ötən əsrin doxsanıncı illərində və sonrakı mərhələdə münasibətlər kifayət qədər normal idi. Münasibətlərin korlanmasının bizim torpaqlarımızın işğal altında olması, yaxud sadəcə, Fransanın siyasi müstəvisində nəsillərin dəyişməsi ilə bağlı olması başqa məsələdir. Əvvəllər ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa tərəfindən hər halda balans qorunurdu. Prezident İlham Əliyev müsahibələrindən birində Fransanın necə ATƏT-in Minsk qrupunun həmsədri olması barədə danışıb. Sabiq dövlət başçısı Jak Şirak uzun müddət Prezident Heydər Əliyevi Fransanın həmsədrliyinə razı salmaq istəyirdi. Ulu Öndər isə bundan imtina edirdi. Prezident J.Şirak Fransanın neytral qalacağına Heydər Əliyevi necə inandırmağa çalışdığı  və sonradan buna nail olduğu barədə xatirələrini də bölüşüb. O bildirirdi ki, öz vədini Heydər Əliyev həyatda olmadığı dövrdə də yerinə yetirir. Beləliklə, balans müəyyən qədər saxlanılırdı. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. “Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar - populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Münasibətlərin gərginləşməsi və qırılması mərhələləri

Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa prezidenti dəfələrlə Azərbaycanın dövlət başçısına telefon açaraq müharibənin dayandırılmasını istəyirdi. Ancaq onun istəyi baş tutmadı və Azərbaycan öz mövqeyində qətiyyət ortaya qoydu. Müharibə yalnız ölkəmizin şərtləri təmin olunmaqla dayandırıldı. Bunu xatırladan Prezident İlham Əliyev “Detallara varmaq istəmirəm, çünki bu danışıqlar məxfi xarakter daşıyırdı, lakin danışdığımız məsələlərin bir hissəsi artıq ictimaiyyətə məlumdur. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı”, - deyə bildirib.

Düşünmək olardı ki, müharibə bitib və artıq Fransa qərəzli mövqe sərgiləməsini dayandıracaq. Beləliklə də, ikitərəfli münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Ancaq biz nəyin şahidi olduq? Fransa başda E.Makron olmaqla Ermənistanı birtərəfli qaydada dəstəkləməkdə davam etdi. Həm Fransa parlamenti, həm də Senat qondarma “Artsax”ı tanıdılar. Prezident İlham Əliyev  qondarma “Artsax”ın dislokasiyası barədə tövsiyələrini xatırladıb. Bildirilib ki, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar.  Çünki Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Dövlət başçımız yeni təklifini də səsləndirib: Bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər...

İkinci Qarabağ müharibəsindən sonra münasibətlər gərgin olsa da, münasibətlər mövcud idi. Təsadüfi deyil ki, Azərbaycan prezident Makronun Praqadakı görüşdə iştirakına razılıq verdi və başqa səviyyələrdə də təmaslar oldu - həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də respublikamızın nümayəndələrinin bu ölkəyə səfərləri baş tutdu. Antiterror tədbirlərindən sonra isə münasibətlər mahiyyətcə dayandırılıb ki, bu da ölkəmizin deyil, məhz Fransanın günahı ucbatından baş verib. “Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib”, - deyə Prezident İlham Əliyev bildirib.

Postmüharibə dövründə məğlub Ermənistanda müəyyən revanşist qüvvələr baş qaldırıb. Belələri həm hakimiyyət komandasında, həm də müxalifətdə var. Sülh danışıqlarından danışan Ermənistan eyni zamanda silahlanmaya rəvac verir. Burada da Fransa öndə gəlir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.

Biri Natəvanın məzarını, digəri şairənin abidəsini dağıdır...

Öz meydanında Azərbaycana uduzan, respublikamızın bu ölkənin müstəmləkə və sümürmə siyasətini ifşa etməsinə dözə bilməyən E.Makron iqtidarı qəzəbini Azərbaycan şairəsi Natəvanın Evian-le-Bən şəhərində ucaldılmş abidəsindən acizanə şəkildə qisas almaqla soyutmağa çalışır. Özünü bütün dünyada “mədəniyyət və demokratiya beşiyi” kimi təsdiqləmək üçün dəridən-qabıqdan çıxan Fransada Azərbaycan mədəniyyətinə qarşı əsl mədəniyyətsizlik, vandalizm əməli törədilib. Belə ki,  Evian-le-Bən şəhərinin meriyası buradakı “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazıların yığışdırılması qərarını qəbul edib. Eyni zamanda, parkdakı Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik edilib. Son günlərdə parka və abidəyə vandal münasibətlə bağlı yeni xəbərlər yayılıb. Verilən məlumata görə, Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb, heykələ fiziki xələl vurularaq onun ayrı-ayrı hissələri sındırılıb. Sonradan abidənin mühafizəsi məqsədilə onun üzərinə örtük çəkilib. Bütövlükdə, abidənin götürülməsi məsələsi də gündəmə gəlib.

Evian-le-Bən şəhərindəki “Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı belə hörmətsizlik ondan xəbər verir ki, E.Makron hakimiyyəti ölkəmizə qarşı açıq qərəzçilik siyasətini indi də mədəniyyət və incəsənət müstəvisinə transfer edib. Natəvan bir şairədir, özündən sonra şeirlərini yadigar qoyub. “Azərbaycan parkı” isə şəhər sakinlərinin və turistlərin istirahət məkanıdır. Digər bir məqam: Heykəldə Natəvan Fransanın hər halda sözdə böyük önəm verdiyi dəyər əsasında - azad qadın obrazında təqdim olunub. Budurmu E.Makron hakimiyyətinin Fransanın dəyərlərinə hörməti? Bir şairənin heykəlinə qarşı edilən vandallıq indiki Fransanın tarixi ənənələrindən nə qədər uzaq düşdüyünü təcəssüm etdirir ki, bunun da məsuliyyəti ilk növbədə hakimiyyətin üzərinə düşür. Hasil olan qənaət ondan ibarətdir ki, prezident E.Makron Fransanın ənənələrinin davam etməsi, zənginləşdirilməsi qayğısına ümumiyyətlə qalmayıb, əksinə ümumbəşəri səciyyə daşıyan dəyərlərə arxa çevirib.

 Fransanın Natəvanın Evian-le Bəndəkı hekəlindən qisas almaq cəhdi işğal dövründə şairənin  Qarabağdakı məzarının dağıdılmasını xatırladır. Bəd əməllər necə də oxşardır. Biri Natəvanın məzarından, digəri isə onun heykəlindən qisas almağı özlərinə rəva görüb. Sevimli şairəmiz Natəvan ölkəmiz və xalqımız üçün bir dəyərdir. Buna görə də bizim də Fransanın Evian-le-Bən şəhərində törədilən vandalizm əməlinə cavabımız özünü çox gözlətməyib. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “Təbii ki, biz də adekvat cavab verirdik və indi də buna davam edirik. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var”, - deyə vurğulayıb.

MÜBARİZ

Seçilən
232
50
yeniazerbaycan.com

10Mənbələr