AZ

Səudiyyə Ərəbistanı, İordaniya və Tacikistanla turizmin perspektivləri müzakirə olunub

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı turist səfərlərinin artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında keçirilən görüşdə müzakirə olunub. Məlumat DTA-dan verilib. 
Fuad Nağıyev 2024-cü il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib. Səfir İssam bin Saleh əl-Cuteyli, öz növbəsində, Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb. Görüş çərçivəsində Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında fikir mübadiləsi aparılıb.
Fuad Nağıyev, həmçinin İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib. Qəbulda ölkələr arasında qarşılıqlı təbliğat tədbirlərinin həyata keçirilməsi və birbaşa aviareyslərin açılması məsələləri müzakirə edilib.
Agentlik sədri Tacikistanın fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşündə də iki ölkə arasında mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişafı məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.
Şahanə XANKİŞİYEVA
XQ

Seçilən
314
50
xalqqazeti.az

10Mənbələr