AZ

10 uşaq olmasa qızılca flakonu açılmaz- 6 saylı Poliklinikada nə baş verir?..

Image

Kəskin yoluxucu virus xəstəliyi olan qızılcaya yoluxma halları artıb. Əsasən uşaqlar arasında yayılan xəstəlik səbəbilə vəfat edən uşaq və gənclərin sayı artmaqda davam edir. Artıq qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işlərinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatında bildirilib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Qızılcadan ölüm halları, əsasən, peyvənd olunmayan uşaqlar arasında baş verir. Bu məsələdə valideynlərin məsuliyyətsizliyi də ciddi müzakirə mövzusudur. Məlumat üçün bildirək ki, qızılca əleyhinə peyvənd Azərbaycanda milli peyvənd təqviminə 1994-cü ildə daxil edilib və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz tətbiq edilir. Yoluxmadan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Son zamanlar yoluxma sayı artdığından peyvənd üçün poliknikalara müraciət də artıb. Peyvənd olunmaq üçün 6 saylı şəhər Poliklinikasına yaxınlaşan vətəndaşlar problemlə üzləşiblər.  Belə ki, qızılca xəstəliyinə qarşı peyvənd olunmaq üçün onlara 10 nəfərin toplanmalı olduğunu deyiblər. Poliklinikadan vətəndaşlara deyilib ki, peyvəndlər 10 nəfər üçün nəzərdə tutulub. 10 nəfər olmasa flakon açılmayacaq.

6 saylı Poliklinika: “Vaksinlər 10 nəfər üçün nəzərdə tutulub, 10 dozalıqdır” 

Məsələ ilə bağlı 6 saylı Poliklinikadan “Bakı-Xəbər”ə bildirildi ki, vaksinlər 10 nəfər üçün nəzərdə tutulub, 10 dozalıqdır: “Biz müraciət edən vətəndaşları qeydiyyata alırıq. Heç olmasa 5-6 nəfər yığılandan sonra flakonu açırıq. Vətəndaşa da deyilir ki,  əlaqə nömrəsini qoysun, çağırılacaq”.

Pərvanə Mustafayeva: “Belə bir qayda yoxdur ki, 10 nəfər toplanmasa flakon açılmayacaq, bir nəfər də olsa həmin flakon açılıb vətəndaşa vaksin vurulmalıdır” 

Ekspert Pərvanə Mustafayeva isə bildirir ki, vətəndaş vaksin üçün müraciət edirsə onun istəyi yerinə yetirilməlidir: “Belə bir qayda yoxdur ki, 10 nəfər toplanmasa flakon açılmayacaq. Bir nəfər də olsa, həmin flakon açılıb vətəndaşa vaksin vurulmalıdır”.

Günel CƏLİLOVA





Seçilən
508
50
baki-xeber.com

10Mənbələr