AZ

Azərbaycanda 2024 prezident seçkisi:

Azərbaycan dövləti öz inkişafında yeni bir tarixi mərhələyə daxil olur. 2024 prezident seçkisi ilə dövlətçilik tariximizin çətin bir mübarizə dövrünə yekun vurulur və milli inkişafın yeni strateji mərhələsinə başlanır. Ötən onilliklərə nəzər saldıqda bu dövrün son dərəcə mürəkkəb problemlərini görmək mümkündür. Hansı ki, dövlətçiliyin gücləndirilməsinin taleyüklü məsələləri öz həllini tapmış və belə çətin proseslərin uğurla başa çatdırılması ilə ölkəmizdə qürurverici nailliyyətlər əldə olunmuşdur. 2020-ci ildə Qarabağda 44 günlük müharibədə qələbənin əldə olunması və 30 il Ermənistanın işğalı altında olan ərazilərimizi nəhayət geri qaytarmağa müvəffəq olan qalib lider kimi Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin yeni səhifəsini yaratmış oldu. Məlum olduğu kimi, Azərbaycan çoxəsrlik tarixi ərzində daim işğala məruz qalmış və öz tarixi torpaqlarını itirmışdır. Qazanılan bu Zəfər nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi bütov Azərbaycanın bütün ərazisində keçiriləcək. Göründüyü kimi, Azərbaycanda 2024-cü il 7 fevral prezident seçkisi yeni tarixi reallıqlara təsadüf edir. Bu baxımdan bu seçkisi Azərbaycanın milli dövlətçiliyinin strateji perspektivləri üçün çox mühüm aktuallıq kəsb edir. Prezident İlham Əliyev bu hadisəni müasir tariximizin yeni dövrünün tələbi kimi qiymətləndirərək öz nitqində qeyd edir ki, “Biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq".Azərbaycan dünya birliyində müstəqil milli siyasəti, nüfuzu, beynəlxalq və regional miqyasda uğurlu fəaliyyətinin yüksək göstəriciləri ilə dinamik inkişaf edən olkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın ən nüfuzlu siyasi liderlərindən biri kimi tanınır. Təsadüfi deyil ki, Avropada, Yaxın Şərqdə və bütün Avrasiya regionunda, xüsusilə türkdilli dövlətlərdə onun şəxsiyyətinə, müxtəlif beynəlxalq və regional məsələlərə münasibətinə və mövqeyinə, baxışlarına çox böyük hörmət və maraq var. Belə ki regional liderlər tərəfindən konflikt münasibətlərin xüsusilə kəskinləşdiyi indiki çətin dönəmdə təhlükəsizlik, enerji, eləcə də müxtəlif iqtisadi problemlərlə bağlı Azərbaycan Prezidentinin mövqeyini öyrənməyə, baş verən proseslərin düzgün həllinə, etibarlı tərəfdaşlığa və təmaslara xüsusi əhəmiyyət verilir. Əlbəttə, bu kiçik yazıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə onun bütün fəaliyyətini tam əks etdirmək mümkün deyil. Bunu nəzərə alaraq, dövlətçilik, iqtisadi tərəqqi və milli rifah aspektlərində ən başlıca nailiyyətləri xüsusi olaraq qeyd etməyə çalışacağıq. Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçilib və 2023-cü ilin oktyabrında onun Azərbaycana rəhbərliyinin 20-ci ildönümü tamamlandı. Onun siyasi təcrübəsi və dövlət idarəçiliyi ilə Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildə əsası qoyulmuş dövlətçilik siyasəti möhkəmləndirilmiş və yeni zirvələrə yüksəldilməsinə dəstək vermişdir. Bu dövrdə aparılan siyasi və iqtisadi islahatların uğurlu nəticələri onun siyasi lider kimi strateji görüşlərini, islahatlara konseptual yanaşma bacarıqlarını tam surətdə təsdiqləmişdir. Dünyada və regionda gedən proseslərin inkişaf məntiqinə nəzər yetirdikdə cənab İlham Əliyevin simasında güclü liderin rolu aydın görünür. Təsadüfi deyil ki, onun Dağlıq Qarabağ konfliktinin həll modeli artıq bir çox inkişaf etmiş dövlətlərdə maraqla təhlil olunur. Prezident İlham Əliyev geniş və açıq ictimai müsahibəsində qeyd etdiyi sözləri xatırlamaqla bunun bir daha təsdiqini görmək olur: “Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi”. Onun siyasi baxışları dövlətin iqtisadi, siyasi və təhlükəsizlik modelinin üzvi əlaqəsində öz təsdiqini tapır. Azərbaycanın dünyada sürətlə inkişaf etməkdə olan gənc müstəqil dövlət kimi nüfuz qazanması Prezident İlham Əliyevin bütün sahələrdə uğurla davam etdirdiyi iqtisadi və siyasi islahatların nəticəsidir. 30 illik inkişaf yolunun ən böyük nailiyyətləri Azərbaycan dövlətinin iqtisadi gücünun artırılması və siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi, işğal altında olan bütün ərazilərin azad edilməsidir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, sənaye sahəsində dünyanın qabaqcıl transmilli şirkətləri ilə əlaqələrin genişlənməsi ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirmişdir. Azərbaycan sənayesində strateji əhəmiyyətli transformasiya prosesləri həyata keçirilmiş və əhəmiyyətli nəticələr əldə olunmuşdur: Ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi, yeni istehsal sahələrinin yaradılması.Sənayenin ÜDM-də xüsusi çəkisinin 2003-cü ildəki 38%-dən 2013-cü ildə 48%-ə yüksəlməsi. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artmışdır.2014-cü ilin respublikamızda “Sәnaye ili” elan edilməsi.Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və eləcə də ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi Strateji Yol Xəritəsinin əsas hədəflərinə müvafiq reallaşdırılır. Cənab İlham Əliyev sənaye siyasəti ilə yanaşı kənd təsərrüfatı və aqrar enal müəssisələrinin inkişafına xüsusi diqqət yetirmişdir. Təsadüfi deyil ki, Azərbaycanda ərzaq təhlükəsizliyinə nail olunmuş, kənd təsərrüfatına dəstək proqramları hazırlanmış, yeni texnoloji soyuducu sistemlər tətbiq olunmuş və daxili bazarda ərzaq bolluğu yaradılmışdır. Dünyanın bir sıra dövlətləri ilə müqayisədə Azərbaycanda COVİD-19 pandemiyası dövründə ərzaq qiymətlərinin yüksəlişi və qıtlığına təsadüf olunmamışdır. Məlum olduğu kimi, 2015-ci ildə ölkə iqtisadiyyatı dünya neft qiymətlərinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində mənfi təsirlərə məruz qalmışdır. Bu isə sənayedə investisiyaların tətbiqinin azalmasına, fəaliyyət xərclərinin artmasına, inflyasiya və iqtisadi inkişaf ilə bağlı qeyri-müəyyənliklərə səbəb olmuşdur. Qlobal iqtisadi konyuktur proseslərinin neqativ təsirlərinin qarşısını almaq üçün Azərbaycan hökuməti müvafiq tədbirlər planı hazırlamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir.Azad iqtisadi zonaların yaradılması gələcəkdə yeni istiqamətlərin inkişafında strateji əhəmiyyətə malikdir. Qeyd edək ki, Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması və təşkili haqqında sərəncamı 2020-ci ilin mayında imzalamışdı. Ələt sərbəst iqtisadi zonasının Bakının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın yaxınlığında yerləşməsi regional iqtisadi əlaqələrə və sənaye biznesinin inkişafına böyük töhfə verə bilər.Müasir şəraitdə Azərbaycan iqtisadiyyatının inkişafında əsas amillərdən biri innovasiyaların tətbiqinin genişləndirilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət tədbirləri və belə qurumların fəaliyyəti vasitəsilə “Made in Azerbaijan” brendli yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan verən dövlət dəstəyi mexanizmləri yaradılmışdır. Hazırda Azərbaycan iqtisadiyyatının qarşısında duran vacib vəzifə sənayenin innovativ inkişafının təmin edilməsi, modernləşdirilməsi, səmərəlilik səviyyəsinin artırılması və istehsal keyfiyyətini inkişaf etmiş ölkələr səviyyəsinə qaldırılmasıdır. Ölkə Prezidentinin fərman və sərəncamlarında və qəbul olunan strateji dövlət proqramlarında Azərbaycanda innovasiyaların əhəmiyyətinin müntəzəm olaraq vurğulaması onun təmin olunmasına obyektiv zəmin yaradır.Ölkənin sənaye siyasətində “Sənaye 4.0” strategiyasının həyata keçirilməsinin əsas hədəflərdən biri kimi qeyd olunmasını da nəzərə alaraq, Azərbaycanda “yaşıl” istehsalın mühüm bir innovasiya komponenti olaraq inkişaf etdirilməsi, texnoparkların fəaliyyətində “yaşıl” iqtisadiyyata keçid strategiyası xüsusilə aktuallaşır. 2024-cü ildə COP29-un dünyanin bu istiqamətdə əhəmiyyətli beynəlxalq tədbiri kimi Azərbaycana həvalə edilməsi ölkəmizin müasir nüfuzunun və təşəbbüskarlığının göstəricisidir. Dünya miqyaslı təşəbbüslərə əhəmiyyətli diqqət yetirən Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.Cənab İlham Əliyevin dövlət idarəçiliyinin nailiyyətləri, siyasi və iqtisadi fəaliyyətinin uğurları Azərbaycanın yeni strateji dövrünün başlanğıcıdır. Quliyev Müşfiq Yelmar oglu,Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Biznes və logistika” kafedrasının professoru, İqtisad elmləri doktoru

Seçilən
536
afn.az

1Mənbələr