2024–2026-cı illərdə biznes kreditləri 16,5 milyard manata çatdırılacaq
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ölkəmizdə sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri əlavə edir. Burada maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflığın gücləndirilməsi kimi strateji məqsədlər öz əksini tapır.
Strategiya, həmçinin Mərkəzi Bankın müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal, dayanıqlı maliyyə, eyni zamanda, əhalinin bu sahədə biliklərinin artırılması kimi istiqamətləri də müəyyənləşdirir. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın hədəflərinə nail olunması ölkədə makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.
Mərkəzi Bankın sədri Taleh Kazımovun “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” haqqında açıqlamasında bütün bunlarla bərabər, həmçinin bildirilir ki, sənəddə sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat– monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi kimi önəmli məsələlər nəzərdə tutulub.
T.Kazımovun sözlərinə görə, sığorta sektoru üzrə əsas strateji hədəflər sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə bu sahəyə olan inam indeksinin 66 faizdən 80 faizə yüksəldilməsini və sığortaçıların ödәmәqabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.
Sənəddə vurğulandığı kimi, yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dәpayının cari 10 faizdən 14 faizə yüksəldilməsi, əhalinin kapital bazarlarında investisiya həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması, həmçinin effektiv nəzarət çərçivəsinin formalaşdırılması strategiyada nəzərdə tutulur.
Hazırda ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı, ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və səmərəli nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur.
Ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının indiki 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Nəticə etibarilə, rəqabət qabiliyyətli və innovativ ödəniş ekosisteminin formalaşdırılmasının, eyni zamanda, nağdsız ödənişlərin genişləndirilməsinin iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə sözügedən sahədə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Bu çərçivədə, bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialı 16,5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı, habelə risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.
Strategiyada, həmçinin ESİ (ekoloji, sosial və idarəetmə), habelə dayanıqlı maliyyə meyarlarının maliyyə xidmətlərinə inteqrasiyası, rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasiyaların geniş miqyasda təşviqi, nəhayət, kibertəhlükəsizliyin gücləndirilməsi təşəbbüsləri də əhatə olunub.
Maliyyə sektorunda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da artırılması, eyni zamanda, cəmiyyətdə maliyyə biliklərinin və əlçatanlığının təşviqi kimi fundamental məsələlər də sənəddə öz əksini tapıb.
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın hədəflərinin və prioritetlərinin uğurla həyata keçirilməsi ölkəmizin makroiqtisadi – maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.
Vaqif BAYRAMOV XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta