AZ

“Gor qonşusu”nun nankorluğu, “çörəyimizin duzu yoxdur” reallığı və ya GUAM-dakı guya müttəfiqlik

1989-cu ilin 9 aprelində sovet ordusunun bölmələri Gürcüstan paytaxtında müstəqillik və azadlıq tələbilə meydana çıxan dinc insanlara qarşı qətliam törədəndə bu hadisəni ilk lənətləyən Azərbaycan xalqı oldu. Tiflisin Rustaveli prospektində 21 nəfərin ölümü, yüzlərlə insanın yaralanması, şikəst olması ilə nəticələnən hadisə indiyədək hafizəmizədədir. Həm də axı, bizim də sovetlərdən çəkdiklərimiz ona qədər və ondan sonra az olmadı…

Amma Tiflis qətliamından iki il sonra, elə aprel ayında Gürcüstanın ilk prezidenti seçilən Ziviad Qamsaxurdiyanın zamanında ən böyük ziyan və zərbə bu ölkə ərazisində, dədə-baba yurdlarında yaşayan azərbaycanlılara dəydi. Borçalı türklərinin xeyli hissəsi deportasiya edildi, maddi və mənəvi ziyanlar çəkdi, bir sıra təbii hüquqlarından məhrum edildi, torpaqları belə, müxtəlif üsullarla əllərindən alındı…

Azərbaycan dövlətinin ən çətin vaxtlarda, hətta risklərə rəğmən, qonşu Gürcüstana yardım əlini uzatdığını bu ölkədə də bilənlər var. Saakaşvilinin etirafları az olmayıb. Rusiyanın 2008-ci ildə apardığı müharibədən sonar Gürcüstanı donmaqdan xilas edən Azərbaycan oldu. Hətta Azərbaycanın neft-qaz kəmərlərinin bu ölkədən keçməsi Gürcüstanın daha geniş ərazilərinin işğal olunmasını əngəlləyən faktorlar oldu. Rusiya Avropaya uzanan kəmərlərin üstündə lövbər salmağın təhlükəli olduğunu anlayaraq Qori tərəflərdən geri çəkdi qoşununu. Baxmayaraq ki, Azərbaycanın Gürcüstan üzərində keçən neft-qaz kəmərləri, dəmir yolu bu ölkəyə milyardlar qazandırıb və qazandırmaqda davam edir, amma qonşu ölkədə hər zaman bu layihələrin gerçəkləşməsinə dair etirazlar, “dinc aksiyalar”ı müşahidə etmişik. Hətta Cavaxetiya ermənilərini də Azərbaycanın üstünə qaldırmaq cəhdləri olub.  

1657265394.jpg

Nəhayət, bir müddət əvvəl məlum oldu ki, Fransa özünün “Bastion”larine məhz Gürcüstan üzərində Ermənistana ötürüb. Düzdür, biz rəsmi Tiflisin 44 günlük müharibədə işğalçı Ermənistana göndərilən silahların, döyüş maşınlarının yolunun kəsilməsini də unutmamışıq və hər zaman xatırlayırıq. Amma başqa necə olmalıydı ki? Gürcüstan Azərbaycanın onun dar günlərində yanında olmasına, həmçinin özünün də on illərdir işğaldan, terrordan əziyyət çəkməsini nəzərə alaraq məhz belə davranmalı idi. Özü də bircə dəfə, nümunə olaraq yox, ənənəvi olaraq! Azərbaycan hətta ən çətin dönəmlərində, əraziləri işğal altında olduğu vaxtlarda Qərbin təzyiqləri ilə üz-üzə qalsa belə, öz ərazisindən İrana qarşı istifadəyə izn vermədi. Baxmayaraq ki, İran vaxtaşırı ölkəmizin hava, suru və su sərhədlərini təhdid etmişdi, amma biz yenə də ali prinsiplərimizə sadiq qaldıq, İran kimi davranmadıq. Eynilə Gürcüstana qarşı hansısa plan olsaydı belə, Bakı heç vədə razılaşmazdı. Məsələn, Rusiya Azərbaycandan Gürcüstan əleyhinə istifadə etməyə məmnuniyyətlə çalışardı. Bilmirəm, bəlkə də bağlı qapılar arxasında hansısa müzakirələr də gedib, təklif də səslənib. Bəlkə də Azərbaycanın dövlət siyasətinə bələd olduqları üçün heç bu mövzunu dilə gətirməyə də lüzum görməyiblər. Həm də Azərbaycan “Şimal ayısı”nın ən qəzəbli çağında Gürcüstana yardım əli uzatdısa, əlavə şərhə ehtiyac da yoxdur. Biz belə dövlətik, belə xalqıq. Bizı edilən yaxşılığı heç vaxt unutmuruq. Görünür bizə qarşı pislikləri də yaddan çıxartmamalıyıq, yeni-yeni bəlalara düşməməkdən ötrü. Məsələn, 2019cu ilin iyulunda Keşikçidağ Dövlət Qoruğu  istiqamətində sərhədçilərimizə qarşı təxribatları, ondan sonra Gürcüstanın ayrı-ayrı rəhbər şəxsləri tərəfindən münasibətlərə xələl gətirən mövqeləri də unutmamalıyıq. Əraziləri Rusiya tərəfindən ilhaq edilən qonşu ölkə Azərbaycanın tarixi ərazisinə iddia ortaya qoyurdu…

David_Gareja_Monastery,_Georgia.jpg

Başa düşürük, Azərbaycana qarşı pisliklərin başında həm də Gürcüstanda pasportlarını dəyişən ermənilər - onlara “üç larilik gürcülər” də deyirlər – dayanırlar. Gürcü adları altında Azərbaycanla Ermənistanın arasını vurmağa cəhd göstərirlər. Amma axı, ciddi dövlət gərək kimlərinsə yedəyində getməsin. Daha onda Gürcüstanla Ermənistanın “böyük bacısı” arasında nə fərq oldu?

AŞ PA-nın son sessiyasında Gürcüstanın nümayəndə heyətinin Azərbaycana qarşı dönüklüyü bizi daxilən incidib. Bütün bu yaxşılıqlarımızın qarşılığında Azərbaycana qarşı alçaq qərarın qəbuluna heç olmasa  Ukrayna nümayəndə heyətinin üzvü Oleksi Qonçarenko kimi etiraz bildirmək də olardı. Hərçənd, Ukrayna nümayəndələri də bütövlükdə Azərbaycanın yanında yer almayıblar, təəssüf ki…O cümlədən digər dost ölkə Moldova. Nə baş verib? Azərbaycan onun kimi işğaldan və təcavüzdən əziyyət çəkən bu ölkələrə nə pisliklər edib ki, Moldova nümayəndə heyəti erməni pulları ilə bəslənmən alman Frenkə qoşulub, ölkəmizin əleyhinə səs verib, Gürcüstan və Ukrayna təmsilçiləri isə bu tamaşanı pivəxanadan seyr eləyib?! Bəlkə Rusiyanı qıcıqlandırdığımızı belə nəzərə almayaraq, Ukraynaya yolladığımız yardımların “təşəkkür”üdür, yoxsa Gürcüstana illərdir edilən yaxşılıqların qarşılığıdır? Moldovaya nə pislik etmişik? Bilən yoxdur. Olmaya hər üç ölkə Azərbaycanın təkbaşına separatçılığa, işğala son qoymasını, terrorçu rejimin kökünü kəsməsini sinirə bilmir, Fransasayağı…

df315b82-18dd-32ac-a60d-9d9255f9.jpg

Biz onu da unutmamışıq, Avropa təsisatlarında, ABŞ Koqnqresində qəbul olunan sənədlərdə bir qayda olaraq Rusiyadan Gürcüstanın ərazilərini dərhal azad etmək tələb olunurdu, Ukraynanın Krımından və digər ərazilərindən əl çəkmək istənilirdi, Moldovanın Dnsetryanısından rus ordusunun çıxarılması istənilirdi. Amma Azərbaycanın işğal altındakı ərazilərinə gədikdə, bu məsələnin digər münaqişə ocaqlarından “fərqli” olduğu bildirilir, hətta Ermənistana və Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərilirdi. Yəni Azərbaycan ərazilərinin işğalı Qərbi postsovet məkanındakı digər 3 respiblikanın işğaldakı əraziləri qədər narahat etmirdi. Bu ölkələrin təmsilçiləri – özü də onların Qərblə əlaqələri daha yaxşı olub – bircə dəfə çağırış etməyiblər ki, Azərbaycana qarşı ədalətsizlik etməyin! Yanvar sessiyasında mandatı dondurulan Azərbaycan nümayəndə heyəti ötən iclasda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi, yenə də Rusiya təhdidlərinə rəğmən! Amma bunun qarşılığında Ukrayna deputatları zalda görünmədilər, Azərbaycanı Avropanın yırtıcıları ilə təkbətək buraxdılar.

Bəs, müttəfiq idik, Şərq Tərəfdaşlığı çərçivəsində həmfikir idik, GUAM üzvü idik, nə oldu? GUAM demişkən, özü də Azərbaycana qarşı GUM ölkələrinin haqsızlığı o halda baş verdi ki, Azərbaycan bu təşkilatın dönəm sədridir. Təkcə bir nümunəni xatırladaq: Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində (2019-2022-ci illər) bu qurumun da fəaliyyətində görünməmiş fəallığı hər kəs müşahidə etdi, həmçinin Azərbaycan özü də bu quruma üzv ölkələrdən haqq işində dəstək aldı. Hətta quruma daha bir il sədrlik etmək üçün ölkəmizə etimad göstərildi. Yəni Azərbaycan var olduğu yerdə irəliləyiş, aktivlik olur. Belə olduğu halda, GUAM ölkələri niyə Azərbaycanın sədrlik dönəminə belə “sürpriz” etdilər? İstisna deyil ki, sifariş Qərbdən gəlib. Çünki Azərbaycan çox planları pozub, xüsusilə də Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ssenarisini alt-üst edib. AŞ PA-dakı alçaq qətnamə də məhz bunun qisasıdır! Təəssüf ki, GUAM-dakı müttəfiqlərimiz də bu planda yer aldılar. Belə müttəfiqlik olmaz olsun deyəkmi? Guya bu, GUAM müttəfiqliyidir ki?! Yenə həmin qənaətə gəlirik: Çörəyimizin – yaxud nefr-qazımızın, generatorlarımızın – “duzu” yoxdur…Azərbaycan qazı ilə isinən İtalyadan daha nə danışasan. Hələ “qulağımızın dibindəki” gor qonşusu belə davranırsa…

Seçilən
513
50
musavat.com

10Mənbələr