Məhəmməd Əmin Rəsulzadə – 140
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik ideallarının gerçəkləşməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində o müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı 30 dekabr 2023-cü il tarixli sərəncamda belə bir dəyərlənmə yer alır.
Biz 2006-cı ildə çap olunmuş “Azərbaycançılıq“ kitabının qara cildində ac hərflərlə həkk etmişik: “Azərbaycançılıq türkçülüyün “vətən əxlaqı” müstəvisində dərkidir”.
Hər bir xalqın tarixində onun yalnız özünə məxsus həqiqətlər yer alanda tarix ədalətli hakim olur, həmin xalqa və millətə, onun istiqlalına xidmət edə bilir. Məhəmməd Əmin Rəsulzadənin tarixi şəxsiyyət, ədib və ictimai xadim kimi dünyagörüşü istiqlal məfkurəsinin zəngin, fəqət, böhranlı, qalmaqallı XX əsrdə formalaşmışdır.
XIX əsrin son çərəyində və bütün XX əsr boyu Azərbaycan mütəfəkkirlərini düşündürən bəşəri problem türkçülük, islamçılıq və azərbaycançılıq arasındakı münasibət olub. Türk milləti, islam ümməti və Azərbaycan məmləkəti ideologiya konsepsiyamızın baş xətti, əsas şüarı məhz bu olmalıdır. Fəqət, bu gün milli ideologiyamızın üç təməli kimi dəyərləndirdiyimiz bu vəhdətin hər bir tərəfi tarixin müxtəlif çağlarında təzyiqə, məhvə məruz qalıb. Türkün və islamın düşmənləri onu daxildən parçalamaq uçün xüsusilə, Rusiyani imperiya kimi formalaşdırmış I Pyotrun məxfi “Vəsiyyətnamə“sindən sonra –1738-ci ildən ardıcıl fəaliyyət göstərmişlər. 1071-ci ildə tarixi Malazgird döyüşündə qüdrətli Bizans imperatorunu məğlub edən Səlcuq İmperiyasının başçısı Sultan Alp Arslan Anadoluya İslam bayrağı sancmaqla Türk–İslam birliyinin pozulmaz tarixi vəhdətini yaratdi. Türk-İslam birliyinə sonrakı təzyiqlər bu vəhdəti sarsıda bilmədi. Həttə 70 il hökm sürmüs bolşevik terroruna baxmayaraq, heç bir qadağa xalqın mənəvi yaddaşından həmin tarixi vəhdəti pozmağa nail olmadı. Lakin məhz XIX əsrin əvəllərindən, Azərbaycan, İran və Rusiya arasında isğal yolu ilə bölündüyü məsum dövrdən azərbaycançılıq milli təfəkkürü məşğul edən başlıca qayə olaraq qalırdı.
1804-cü ildə Gəncə, 1806-cı ildə Bakı ruslar tərəfindən isğal olunandan sonra 1809-cu ildən yaradılan xəritələrdə Arazın şimalından Azərbaycan sözü silindi və Qafqaziya termini ilə əvəz olundu. Hətta 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay işğal aktlarında Azərbaycan adı işlədilməyib. Türkçülüyün atası Z.Göyalpın sözləri ilə desək, “Rusiyadakı iki böyuk türkçü” – M.F.Axundzadə və İsmayıl bəy Qaspıralı öz “Tərcümən“ məcmuəsi ilə türkçülüyü təbliğ edir, XX əsrin əvvəllərində isə “Hüseynzadə Əlibəy İstanbuldan və Ağaoğlu Əhmədbəy Parisdən Bakıya gəlmiş və orada fikir savaşı üçün əl-ələ vermişdilər. Topçubaşov da bunlara qoşuldu. Bu üç səxs o zamana qədər hakim olan sünnilik və şiəlik anlaşılmazlıqlarını ortadan qaldıraraq türkçülük və islamçılıq fikirləri çevrəsində – ətrafında bütün azərbaycanlıları toplamağa çalışdılar”. (Z.Göyalp. “Türkçülüyün əsasları”, Bəki, “Maarif”, 1991, s. 29). Belə bir vaxtda iki böyük səxsiyyət Cəlil Məmmədquluzadə və M.Ə.Rəsulzadə türkçülük və islamçılıqla müvazi olaraq azərbaycançılıq ideyasını da irəli sürdülər. "Моllа Nəsrəddin" əsl azərbaycançılıq ensiklopediyası idi.
M.Ə. Rəsulzadə yaradıcılığında azərbaycançılıq – “Azərbaycan qayəsi“ başında “Müsavat”ın dayandığı milli hərəkat isə “Azərbaycan milli hərəkatı“ kimi məna kəsb etdi. Onun görüşlərində azərbaycançılıq intensiv olaraq 1913-cü ildən sonra başlanır. Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əfv fərmanandan sonra M.Ə. Rəsulzadə mühacirətdən Vətənə qayıdır. Əsası hələ 1911-ci ildə üç keçmiş Hümmətçi tərəfindən qoyulan “Müsavat“a daxil olaraq milli məsələ ilə məşğul olmağa başlayır. Doğrudur o, hələ 1911-ci ildə İstanbulda “Türk yurdu“ məcmuəsinin 4-cü sayında çap etdirdiyi “İran türkləri“ məqaləsində Cənubi Azərbaycanın əhali və ərazisindən bəhs edərkən Qafqaz Azərbaycan məsələsini də qaldırır. Yeri gəlmişkən, tarixi-obyektivlik naminə deməliyəm ki, azərbaycançılıq ideyası hələ M.Ə.Rəsulzadədən xeyli əvvəl də mövcud idi. Belə ki, 1890-cı ilin yanvarında “Tərcüman“ qəzetində, həmin il noyabrın 16-da isə “Kəşkül“də “Azərbaycan“ imzası ilə məqalələr çap olunmusdu. 1891-ci il mayın 1-də “Kaspi“ qəzetində Məhəmmədağa Sahtaxtlının “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı“ məqaləsində bu xalqı “azərbaycanlı“ adlandırmaq tələbi irəli sürülürdü. Belə faktları artırmaq da olar. Fəqət, bu mülahizələr hələ təkdənbir idi, azərbaycançılıq qayəsini tarixi-siyasi ideya kimi formalaşdıran bədii yaradıcılıqda C.Məmmədquluzadə və M.Ə.Sabir, publisistikada “Əkinçi“, elmi siyasətdə M.Ə.Rəsulzadə olmuşdur. XX əsrin əvvəllərində azərbaycançılığa ehtiyac doğuran obyektiv tarixi səbəblər və şərtlər var idi. Təfsilata varmadan onları belə ümumiləşdirmək olar. Birinci, əsrin əvəllərində neft burjuaziyasının sayəsində Bakı Qafqazda yeganə dünya şəhəri səviyyəsinə yüksəlmisdi. Bu status XIX əsrdə çar rus imperiyasının departamentləri yerləşən, rus imperiyasının Şərq siyasətinin baş qərargahı olan Tiflisdən Bakıya keçmişdi. Yerli burjuaziya təkcə iqtisadi məsələləri yox, millətin təleyi, təhsil və mətbuatla maraqlanır, xalqın dünyəvi səviyyədə maariflənməsinə güclü maddi yardım göstərirdi. Məsələn, milyonçu və mesenat H.Z.Tağıyev Azərbaycan həyatının böyük reformatoru kimi fəaliyyət göstərirdi. İkincisi, XIX əsrdən formalaşan maarifçilik və XX əsrdə burjuaziyanın milli bədii maraqların ifadəçisi kimi meydana çıxmış romantizm diqqəti konkret olaraq bu xalqın və Vətənin taleyinə yönəltdi. Üçüncüsü, XX əsrdə baş vermis dünya müharibəsi və 1905-ci il fevral inqilabları milli hissi gücləndirdi, diqqəti Vətənin istiqlal məsələsi üzərində cəmləşdirdi. Bu amillərə heç də az əhəmiyyət kəsb etməyən 1905 və 1918-ci il Baki erməni-müsəlman qırğınlarını da əlavə etmək olar.
M.Ə.Rəsulzadə və digər mütəfəkkirlərin görüşlərində azərbaycançılıq ideyası belə bir tarixi-ictimai kontekstdə meydana çıxmışdı. Bu, əslində Azərbaycan anlayışının olub-olmaması məsələsinə qarşı işlənilən güclü istiqlal konsepsiyası idi. Təsadüfi deyil ki, nəinki Qafqaz Azərbaycanında, hətta onun sərhədlərindən kənarda da milli düşmənlər bu ideyanı süngü ila qarşıladılar. Məsələn, Tehranda Məlikişşüəra Bahar “İran“ qəzetində çıxış edərək M.Ə.Rəsulzadənin “Azərbaycan qayəsi“, “Azərbaycana muxtariyyət“ ideyalarını kəskin tənqid edərək bildirdi ki, “Azərbaycan adını yalniz Araz çayının cənubundakı ərazi daşıyır“.
M.Ə. Rəsulzadə 1917-ci ildə “Açıq söz“ qəzetində həmin müəllifə üç dəfə cavab yazıb Azərbaycan anlamının varlığını müdafiə etdi. Bu məsələni o, milli məsələ ilə vəhdətdə işləmtişdir. Hələ 1914-cü ildə görkəmli şair və jurnalist Əlabbas Müznibin nəşr etdirdiyi “Dirilik“ jurnalına yazdığı “Dirilik nədir?” adlı baş məqalədə, habelə “Milli dirilik“ adlı silsilə məqalələrində M.Ə.Rəsulzadə Azərbaycan milli intibahının əsas aspektlərini işləyib hazırlamışdı. 1918-ci il 28 may İstiqlal Bəyannaməsi ilə Azərbaycanın bir xalq kimi varlığı bəşəriyyətə elan olundu, əsrin milli mücahidləri milli dövlətin yaranması ilə nəticələndi. Bir ay sonra – iyunun 17-də Azərbaycan Milli Şurasındakı nitqində M.Ə.Rəsulzadə demişdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə əkiz doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir” (“Azərbaycan” qəzet, 1918, Nº 41).
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında söylədiyi nitqində, M.Ə.Rəsulzadə demişdir: “Sağdan bizə deyirlər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirlər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq... müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmisdir... Bir dəfə yüksələn bayraq, bir daha enməz“ (“Azərbaycan“ qəzeti, 13 dekabr 1918).
Göründüyü kimi, əsrin əvvəllərində məhz azərbaycançılıq başlıca istiqlal ideyası idi. İndi XIX əsrdən ötən 200 ildə, XX əsrin sonu və XXI əsrin əvvəllərində istiqlal ideologiyamızın təməlində türkçülük və islamçılıq dayanan - azərbaycançılıq olmalıdır. 2023-cü il sentyabrda Şimali Azərbaycanın suverenliyi tam bərpa olundu.
M.Ə. Rəsulzadə irsində azərbaycançılıq ideyası millətçilik anlamı ilə eyni kontekstdə daha aydın görünür. Vətəndaş üçün Vətən maddi-coğrafi varlıq, millətçi üçün isə mənəvi-siyasi varlıqdır. “Millətçilik - patriotizm“ (Ankara, 1952) məqaləsində oxuyuruq: “Millət etnik bir anlayış ikən milliyyət siyasi bir anlamdır.
..Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücudə gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüurlaşan, fəal bir şəklidir.
Statik bir keyfiyyət əxz edən milliyyət baxımından Vətən coğrafi bir anlamdır. Halbuki süur və iradəyə malik olan millət baxımından Vətən siyasi bir məna ifadə edir”.
Beləliklə, M.Ə.Rəsulzadənin siyasi-ideoloji görüşlərində azərbaycançılıq vətənçilikdən geniş siyasi bir anlayışdır. Fikrimizcə, azərbaycançılıq istiqlal ugrunda mübarizə aparan millətin birlik forması, öz keçmişinə və dünyaya vahid münasibət üsuludur. Təsadüfi deyil ki, M.Ə.Rəsulzadə yazır: “Avropalıların patriot termini ilə ifadə etdikləri anlam bizim millətçi sözü ilə anlatmaq istədiyimiz sözün eynidir”. Beləliklə, onun görüşlərində millətçilik şovinizmdən yüksəkdə duran, vətənsevərlik, vətənkeşlik qaynağından – azərbaycançılıqdan doğulan tarixi-siyasi bir anlayışdır. Millətçiliyin əsasında milli birlik, milli istiqlalçılıq dayanır. Ona görə də azərbaycançılıq istiqlal ideologiyasıdır. “Milli əxlaq“ (1952) məqaləsində isə mütəfəkkir milli birliyin qorunmasını – milli əxlaqın başlıca şərti hesab edir. Ona görə: “Azərbaycan istiqlalının kökü azəri türkünün çarizmə qarşı davam etdirdiyi milli kültür mübarizəsidir. Bu mübarizəni o, təkbaşına deyil, özüylə eyni bəlaya mübtəla olan digər türk elləri ilə bərabər olaraq davam etdirməlidir”.
M.Ə.Rəsulzadə ömrünün bütün mərhələlərində azərbaycançılıq ideyasına sadiq qalmış, əsərlərində dönə-dönə bu ideyanın əsası kimi milli birlik və istiqlalçılığı izah etmişdir. Türkiyədə 1923-cü ildə çap olunmuş “Azərbaycan Cümhuriyyəti“ kitabında azərbaycançılığı “istiqlal məfkurəsi“ kimi mənalandıran müəllif yazır: “Azərbaycan dövrü – istiqlalına bolşeviklər MÜSAVAT dövrü deyirlər. Fəqət xalq buna AZƏRBAYCAN dövrü deyir: ... Xalq düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə, fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir AZƏRBAYCAN yoxdur“. (“Azərbaycan Cümhuriyyəti“, Bakı, Elm, 1990, s. 95).
Azərbaycançılıq M.Ə.Rəsulzadənin dünyanın müxtəlif dillərində çap olunmuş onlarla kitabının və yüzlərlə məqaləsinin, publisistik və bədii əsərlərinin mərkəzindən keçən ana xətt – istiqlal işığıdır. Təsadüfi deyil ki, Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan böyük azərbaycançı qürbətdə əzablarla dolu mənalı ömrünün sonlarında – 1955-ci il martın 6-da gecə saat 11-ə 10 dəqiqə qalmış 3 dəfə – AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN deyərək, həsrətlə dünyasını dəyişir. Bu, sonrakı nəsillər üçün çox ibrətamiz bir taledir.
Nizaməddin ŞƏMSİZADƏ, filologiya elmləri doktoru,professor
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta