AZ

Ben Kardin niyə sayıqlayır?

Amerika Birləşmiş Ştatları (ABŞ) anti-Azərbaycan, islamofob, türkofob fəaliyyətini davam etdirir. Belə ki, bu dəfə sözügedən ölkənin Senatının Xarici əlaqələr komitəsinin sədri Ben Kardin hayların uydurmalarına istinadən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli fikirlər səsləndirib. Bu yerdə deyiblər də, mağarada qurd az idi, biri də gəmi ilə gəldi. Yəni,  dünyanın hər tərəfində ermənipərəstlər üstümüzə hücuma keçmişdi, bir qalmışdı bu senat. Görünür, erməni lobbisi ona da  necə lazımdır görüm-baxım edib.

Şübhəsiz, Ben Kardinin sayıqlaması müstəqil siyasət yürüdən, ötən il suverenliyini  tam bərpa edən, Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanı qaralamağa xidmət edir. Bu, adi həqiqətdir ki, Azərbaycanda hökm sürən qarşılıqlı anlaşma, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, xalqın bir yumruq kimi birlik nümayiş etdirməsi bu gün ölkəmizi gücləndirən amillərdir. Ölkəmizdə tarixin heç bir dönəmində dini və ya milli zəmində qarşıdurmalar,  ziddiyyətlər meydana çıxmayıb. Hətta Bakının mərkəzi küçələrinin birində erməni kilsəsi fəaliyyət göstərir. Artıq bu faktları dünya miqyaslı ekspertlər, siyasətçilər, dövlət xadimləri də etiraf edirlər. Erməni vandallarından azad edilən Qarabağ və Şərqi Zəngəzurda  hazırda yenidənqurma işləri davam edir. Erməni faşistləri tərəfindən viran qoyulmuş bir sıra dini məbədlərin, ocaqların təmiri artıq başa çatıb. Burada gedən abadlıq-quruculuq işlər təkcə İslam dininə aid məscidləri deyil, həmçinin kilsələri də əhatə edir.

Azərbaycan hakimiyyəti öz fikir və düşüncəsinə, siyasi əqidəsinə görə, kimsəni, o cümlədən müxalifətçiləri, junralistləri təqib etmir. Əksinə, onların fəaliyyətləri üçün hər cür şərait yaradır. Azərbaycanda yalnız konkret cinayət törədən şəxslər məsuliyyətə cəlb olunurlar ki, bütün bunlar həm beynəlxalq, həm də ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilir. Polis özbaşnalığından isə əsla söhbət belə gedə bilməz. Azərbaycan demokratiya və tolerantlıq təcrübəsinə görə dünyanın diqqət mərkəzindədir. Xatırladaq ki,  Azərbaycan dünyada BMT-dən sonra ən böyük təsisat olan  və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına dörd il rəhbərlik edib. Şübhəsiz, bu, ölkəmizə olan etimaddan irəli gəlir. Dünyada ən böyük tədbir hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Bakıda keçirilməsi ilə bağlı yekdil qərarı verən də elə dünya dövlətləridir. Hazırda həmin tədbirə hazırlıqla əlaqədar mühüm işlər görülür. Buna görə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu bildirib.

Səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-ın özündə yerli amerikalıların hüquqlarının təmin edilməsi ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın. Araşdırmalara görə, təkcə 2022-ci ildə  bu ölkədə 1176 nəfər polis zorakılığının qurbanı olub, öldürülüb. Bu isə o deməkdir ki, ABŞ dünyanın insan haqlarının ən çox pozulduğu ölkələrdən heç nə  ilə fərqlənmir. Hətta bu göstəriciyə görə onlardan öndə gedir. Amma nədənsə senator ABŞ-dakı bu reallıqları "görmək" istəmir, ənənəsinə uyğun olaraq erməni lobbisindən aldığı sifarişləri yerinə yetirir. Digər tərəfdən, hər kəs yaxşı bilir ki, dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünün, qaçqın vəziyyətinə düşməsinin, səfalət içində yaşamasının baiskarı məhz ABŞ-dır.

Nə qədər qəribə olsa da, bu ölkədə baş verənlər, yaxud ABŞ-ın başqa ölkələrdə törətdiyi cinayətlər insan azadlığından, beynəlxalq hüquq normalarından ağızdolusu danışan beynəlxalq qurumların diqqət mərkəzinə düşmür. Yaxşı olardı ki, Ben Kardin başqa ölkələrdə müharibələrə başlamaq əvəzinə, ölkəsindəki böhran və onun siyasətinin doğurduğu problemlərlə məşğul olsun. Texasda ABŞ-Meksika sərhədindəki vəziyyəti, həmçinin ABŞ-ın federal hökuməti ilə ştat rəhbərlikləri arasında yaranmış gərginliyi aradan qaldırsın.

Xatırladaq ki, bir neçə ay öncə ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin sabiq rəhbəri, erməni lobbisinin maraq və sifarişlərinə xidmət edən senator Robert Menendes rüşvət üstündə vəzifəsindən uzaqlaşdırılıb. Şübhəsiz, Ben Kadrini də belə bir aqibət gözləyir. Erməni lobbisi, onun ruporları olan ben kadrinlər bilməlidirlər ki, nə qədər çığır-bağır salsalar da heç nəyə nail ola bilməyəcəklər.

Qeyd edək ki, Azərbaycan ABŞ hakimiyyət orqanlarının İslamofob, Azərbaycanofob mövqeyi ilə ilk dəfə deyil ki rastlaşır. Məsələn, ötən il ABŞ Dövlət Departamenti “2022-ci il üzrə Beynəlxalq Dini Azadlıq” hesabatında ölkəmizlə bağlı qərəzli mövqe ortaya qoymuşdu. Göründüyü kimi, ABŞ-ın ölkəmizə qarşı qərəzi və ikili standartlarla yanaşması səngimək bilmir. Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən ABŞ üçün heç bir ədalət ölçüsü yoxdur. Əgər olsaydı, hayların hər yalanına, qərəzli iddialarına uyub ölkəmizi hədəfə almağa çalışmazdı.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
439
50
ikisahil.az

10Mənbələr