AZ

Başı ulduzlarına qarışan ABŞ-nin "əli" niyə dinc dayanmır?

ABŞ bir sıra ölkələrdə nəzarəti əldə saxlamaq üçün müxtəlif variantlara əl atmaqdadır. Onlar tam fərqli məqsədlərə xidmət edirmiş kimi görünən təşkilatlar, qurumlar vasitəsi ilə bu ölkələrdə ictimai rəyə təsir etməyə çalışırlar. Şəbəkə kimi fəaliyyət göstərən bu qurumlar bir-birinə dəstək verərək eyni mərkəzdən idarə olunurlar. Belə lokal şəbəkələrin sayı çoxdur, bütün sferalarda təmsil olunurlar. Onların maliyyə mərkəzi ABŞ və Avropadır.

Bəzi ölkələrdə nəzarəti saxlamaq üçün buradakı müxalifət təşkilatlarının ABŞ tərəfindən dəstəkləməsi bugünkü gündə heç kimə sirr deyil. Bunun üçün çoxsaylı donor institutlar, yardım fondları yaradılıb. USAID, NED, Marşall Fondu, IREX və digər onlarla "beynəlxalq institutlar" məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıb. Zahirən "demokratik inkişafa dəstək vermək" adı altında fəaliyyət göstərən bu qurumlar əslində yerli icmaları maddi vəsaitlə şirnikləşdirmək yolu ilə cəmiyyətdə fikir ayrılıqları yaradılmasını təşkil edirlər.

Məsələn, USAID Tbilisidə "yerli QHT-lərlə birgə" "xəstələrə humanitar yardım göstərilməsi" mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına "dövlət çevrilişi hazırlamağın metodları" öyrədilib. Bu məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti yayıb. Bu fakt yuxarıda qeyd etdiyim məlumatın bariz sübutlarından sadəcə biridir.

Xeyriyyə məqsədi adı altında yaradılan USAID-in ( ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauerdir. Kim ki, övladının adını "erməni soyqırımı"nın şərəfinə adlandırıb, Ruben Vardanyanla yaxın dostluq münasibətində olub, onun tədbirlərində çıxış edib. Ruben Vardanyan Qarabağda həbs edilib Bakıya gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb.

ABŞ-nin Cənubi Qafqazdakı "gizli silahı" kimi tanınan bu təşkilatın məqsədi gün kimi aydındır. USAİD-in 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırdığı faktı bu iddiaları daha da gücləndirir. Məhz elə Azərbaycanda LGBT, "feministlər" və"NoWar"çılara maliyyə yardımı USAİD xətti ilə ayrılıb.

ABŞ öz gizli məqsədini həyata keçirmək üçün təkcə "xeyriyyə" təşkilatlarından istifadə etmir. Onlar həmçinin media qurumlarını da bu yolda alət edib. "Toplum tv", "Azadlıq radiosu",  "Abzas media" bu məqsədlə istifadə olunur. Son günlər "Azadlıq radiosu"nun təqdim etdiyi saxta məlumatlar, qərəzli "təhlillər" bunu deməyə əsas verir.

Məsələn, "Azadlıq" radiosu və ona istinad edən "Azadlıq" qəzeti Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən büdcə xərclərinə görə sonuncudur. Halbuki, bunun belə olmadığı faktlarla sübut olunub.

Azərbaycan haqda mənfi rəy formalaşdırmağa yönəlmiş "Azadlıq" radiosunun hücumuna yalnız ənənəvi Azərbaycan, rus və ingilis xidmətləri yox, hətta, İran, Özbəkistan xidmətlərinin də qoşulması göstərir ki, proses Bayden Administrasiyasının və Dövlət Departamentinin tapşırığı ilə həyata keçirilir. Aydın məsələdir ki, bu prosesdə USAİD və onun rəhbəri ermənipərəst  Samanta Pauerin kifayət qədər böyük rolu var.

Qeyd edim ki, hazırda ABŞ-nin özündə vəziyyət gərgindir. 50 ulduzundan birini təmsil edən Texasda böhranlı vəziyyət yaranıb. Texasdakı hazırkı vəziyyətin gələcəkdə digər ştatlara da yayılması istisna deyil. Əslində proses məhz buna doğru gedir. Lakin, belə bir halda ABŞ-nin okeanın bu tayına əlinin uzanmasının şahidi oluruq. Göründüyü kimi ABŞ öz dərdinə yanmaqdansa başqa ölkələrin daxili işlərinə qarışmaqdan əl çəkmir.

İslam
Milli.Az

Seçilən
363
50
milli.az

10Mənbələr