Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayıb.
Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gəlib və rəqibini məğlub edib - 10:4. O, daha sonra Georgiy Okorokovu (Avstraliya) və Tulqa Tumur Oçiri (Monqolustan) məğlub edib. 1/4 finalda Əliyev ermənistanlı Vazgen Tevanyana məğlub olub.
Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşıb və qələbə qazanıb - 7:0. Daha sonra o, İbrahim Çiftçi (Türkiyə) - 4:0 və Erik Tiele (Almaniya) üstələyib. Onun yarımfinaldakı rəqibi Givi Maçaraşvili (Gürcüstan) olacaq.
Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan) məğlub edib. Lakin o, 1/4 finalda Zhang Çiyə (Çin) məğlub olub.
Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.