Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın davamlı inkişafı sayəsində bu gün ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olmasına və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Bu baxımdan Prezident İlham Əliyevin iki gün öncə oktyabrın 8-də Tbilisiyə rəsmi səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat mühüm əhəmiyyətə malikdir.
Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin şəxsi dostluğu və fəaliyyətləri nəticəsində Azərbaycan və Gürcüstan arasında mövcud olan yaxşı münasibətlər ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Azərbaycan və Gürcüstan hər zaman bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birini dəstəkləyiblər.
Prezident İlham Əliyev bəyanatında diqqətə çatdırdı ki, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etdikdən sonra Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s.
Prezident İlham Əliyev bildirdi ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəklərini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.
Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Digər sahələrlə yanaşı, ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
İnanırıq ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha da güclənəcək, həm iki ölkənin xalqlarının rifahına, həm də digər ölkələrin iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.
Jalə Əhmədova
Milli Məclisin deputatı