Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləşdirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suveren hüquqlarımız bərpa edildi.
Bu gün bizi birləşdirən əsas ideya milli birlikdir. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamenti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı xoşagəlməz addımlar atırlar. Tarixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diktə edir. Yalnız vahid xalq olaraq və güclü lider ətrafında birləşərək, əsrlərlə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura bilərik. Qarşıda bizi böyük hədəflər gözləyir: dövlətimizin müstəqilliyini möhkəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, böyük qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı qabaqcıl ölkəyə çevirmək.
Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitində siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrılıqları təbii haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi ehtirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və müzakirələrin konstruktiv məcrada aparılmasına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurətdən doğmuşdur və bunu tələb edir.
Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisadi məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inkişafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.
Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şübhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nümayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq, əslində, hər bir vətəndaşın borcudur. Odur ki, mövcud ictimai-siyasi sabitliyi hər vəchlə qorumağı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli vəzifə kimi qarşıya qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə dialoqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsaslarının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə, cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.
Bəllidir ki, ölkədə sabitliyin qorunmasında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq birliyə daha six inteqrasiyasına yönəlmiş tarazlaşdırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir.
Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığımız nailiyyətlər və ərazi bütövlüyümüzün bərpası arxayınlıq doğurmamalı, Milli Ordumuzun döyüş qabiliyyətinin ar-tırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır olmalısan!”.
Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayacaqdır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün xalqın bütün təbəqələri 7 fevral Prezident seçkilərində olduğu kimi, Vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan güclü liderimiz, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fatehi İlham Əliyevin ətrafında birləşməli və bu milli birliyimizi bədxahlarımızın hər cür təcavüzkarlığı qarşısında möhkəm sipərə çevirməliyik.
Gövhər Baxşəliyeva,
AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta