AZ

Münxen Konfransı: Böyük qələbələrin davamı TƏHLİL

Aparılan düzgün və müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan artmaqdadır. Söz yöx ki, əldə olunan uğurlar ölkəmizin siyasi, iqtisadi, hərbi, diplomatik sahədə dayanıqlı inkişafa nail olunmasının və regionun aparıcı dövləti olaraq tanınmasının nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil daxili və xarici siyasət nəticəsində ölkəmiz misilsiz inkişaf yolu keçərək beynəlxalq аləmdə böyük nüfuz qazanıb. Azərbaycan dünyanın əksər dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsas da bərabər və qarşılıqlı faydalı münasibətlər qurub . Bu əlaqələr hər iki tərəfə xeyir gətirməklə yanaşı, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verməkdədir. Ölkəmiz dünyanın aparıcı, müstəqil dövləti olaraq bir sıra nüfuzlu beynəlxal təşkilatlarla o cümlədən də Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatların üzvüdür. Azərbaycan Respublikası, həmçinin GUAM regional qrupunun təsisçilərindən biri, fəal üzvüdür. 2019-cu ildən 2023- cü ilə qədər Azərbaycan Qoşulmama hərəkatına sədrlik etmişdir. Azərbaycan 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Qoşulmama Hərəkatının 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.Almaniya Azərbaycanın haqlı mövqeyi ilə razılaşırAzərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı hərtərəfli inkişafa nail olmuşdur. Ümumiyyətlə, fakt ondan ibarətdir ki, Azərbaycanın iştirak etdiyi istənilən beynəlxalq təşkilatda istənilən məsələnin müzakirəsində və qərarların qəbulunda müsbət nəticələr əldə olunur. Təbii ki, beynəlxalq tədbirlərdə, ilk olaraq, Azərbaycanın milli və dövlətçilik maraqlarının təmin olunması istiqamətində mühüm addımlar atılır və qarşıda duran məsələlər yüksək səviyyədə təmin olunur. Münxen Təhlükəsizlik Konfransında iştirak edərkən də Prezident İlham Əliyev bir daha Azərbaycanın maraqlarının təmin olunması istiqamətində prinsipial addımlar atdı, açılamalar verdi, görüşlər keçirdi. Nəzərə almaq lazımdır ki, Münxen Təhlükəsizlik Konfransı dünyada qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri və təklifləri dinlənilir, yekun sənədlər qəbul edilir: “Konfrans bütövlükdə “təhlükəsiz dünya” ideyasının reallaşdırılmasına əhəmiyyətli töhfələr verir. Budəfəki Konfrans gözlənildiyi kimi gərgin keçdi. Çünki hazırkı məqamda dünyanın bir sıra bölgələrində müharibələr, münaqişələr baş verməkdədir. Xüsusilə də İsrail- HAMAS, Rusiya-Ukrayna müharibələri getdikcə daha gərgin xarakter almaqdadır. Ona görə də budəfəki konfrans əvvəlki konfranslardan fərqlənirdi. Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti bu dəfə də öz sözünü dedi və bəhrəsini verdi. Konfransa dəvət edilən hökumət və dövlət başçılarının müəyyən hissəsi Azərbaycan Prezidenti ilə görüşməyə və siyasi, hərbi, iqtisadi məsələləri müzakirə etməyə can atırdılar. Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər bu gün Azərbaycan və dünya mətbuatında geniş müzakirə edilir. Azərbaycan Prezidentinə görüş üçün dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzləri, nüfuzlu təşkilatların çoxsaylı müraciətləri Azərbaycanın dünyada getdikcə artan rolu və Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev 2 gün ərzində 24 görüş keçirib, daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb. Keçirilən görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlərin aktuallığı bir daha Azərbaycanın, onun Prezidenti İlham Əliyevin yüksək hörmətə və nüfuza malik olduğunu təsdiqlədi. Bəzi kənar dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması müstəvisinə yüksəldilməsində vasitəçilik etmək istəkləri bu dəfə də iflasa uğradı. Əslində, belə halın yaşanacağı əvvəlcədən gözlənilirdi. Çünki Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında heç bir vasitəçiyə ehtiyac olmadığını və danışıqların iki ölkə arasında keçirilməli olduğunun vacibliyini qeyd etmişdi. Bəyan etmişdi ki, burada beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyasını ələ keçirməyə can atmasına qətiyyən ehtiyac yoxdur. Elə məhz Münxen görüşündə də Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilməməklə, iki ölkə arasında keçirilən görüşlərdə vasitəçi formatına qayıdışa qətiyyən imkan da vermədi və buna şərait belə yaranmadı. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşəbbüskarı olan Almaniya kansleri Olaf Şoltsun görüşün yalnız başlanğıcında iştirak etməsi, daha sonra görüş məkanını tərk etməsi təsdiq edir ki, o, rəsmi Bakının mövqeyinə qarşı çıxmaq niyyətində deyil. Yəni, bütün hallarda Azərbaycanın haqlı mövqeyi ilə razılaşır. Vasitəçisiz keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri müsbət nəticələr əldə etdilər. Bu uğur bir daha Prezident İlham Əliyevin böyük diplomat, müdrik lider olduğunu təsdiqlədi.Zəfər seçkisindən sonra Münxen qələbəsi Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral növbədənkənar prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra reallaşdırdığı Münxen səfəri zamanı keçirdiyi görüşlərdə Ona ünvanlanan təbriklərdə əməkdaşlıq əlaqələrinin bundan sonra da dərinləşməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi ilə bağlı arzular ifadə edildi. Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərdə səmərəli, ölkəmizin maraqlarına uyğun görüşlər oldu. ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə Minsk Qrupunun ləğv edilməsinin vacibliyini, eləcə də Qarabağ probleminin artıq həll edilməsindən sonra bu qurumun mövcudluğuna heç bir ehtiyac belə qalmadığını vurğulayan Azərbaycan Prezidenti məhz özünün siyasi zəkası ilə daha bir qələbəyə imza atmış oldu. Bunu bütün dünya ictimaiyyəti də müşahidə etdi və bir daha çatdırıldı ki, Azərbaycan heç bir tərəfin, xususilə də, ATƏT kimi bir qurumun sülh danışıqları prosesi ilə bağlı vasitəçiliyindən birmənalı şəkildə imtina edir və xüsusən də, Qərb, eləcə də Avropa bir daha gördü ki, Azərbaycanın, eləcə də, Cənubi Qafqazın problemlərinin həllində onların hər hansı birinin əhəmiyyətinin olmadığına dair Cənab Prezident İlham Əliyev onlara ciddi mesaj verir. Konfrans çərçivəsində keçirilən bütün görüşlər yaddaqalan oldu. Hansı ki, bu gün və bundan sonra bir müddət dünya mətbuatının müzakirə mövzusu olaraq qalacaq. Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü keçirildi. Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycana keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.Eyni zamanda, Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin görüşü oldu. Antoni Blinken Cənab Prezidentlə görüşmək imkanını çox yüksək qiymətləndirdiyini və son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olduğunu söylədi: “Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm”.Prezident İlham Əliyev bildirdi ki, siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir: “Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm”.Üç ölkə liderinin iştirak etdiyi tarixi görüş Konfrans maraqlı anlarla da zəng oldu. Bu anları plenar iclasa aşılayan isə Prezident İlham Əliyev oldu. Beləki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Prezident İlham Əliyev üç ölkə liderinin görüşünün tarixi bir görüş olduğunu moderatorun diqqətinə çatdırır. Müzakirələr zamanı moderator Kristof Heusgen deyir: “Hamınızı salamlayıram. Burada olmağınızdan məmnunuq. Bizimlə burada Azərbaycan Prezidenti, Ermənistanın və Gürcüstanın baş nazirləridir. Əslində, mən bunu bilmirdim, lakin Azərbaycan Prezidenti elə indicə mənə dedi ki, bu, tarixi görüşdür. Tarixdə ilk dəfədir ki, üç ölkənin rəhbərləri görüşür və biz bunu tarix kitabları ilə yoxlamalıyıq. Bilirəm ki, xarici işlər nazirləri görüşüblər. ATƏT-in Baş katibi Helqa Şmid bunu bilir. Əgər o bilirsə, deməli, belədir ki, var. Bir sözlə, burada bizimlə olduğunuza görə çox sağ olun. Hamımıza məlumdur ki, bu konfrans Rusiyanın Ukraynaya müdaxiləsindən bir il sonra baş tutur və ötən il olduğu kimi, həmin mövzu bu konfransda da əsas olaraq qalacaq. Sizin ölkələriniz birbaşa iştirak etmir, lakin Rusiyanın qonşularıdır. Mənim birinci sualım: Rusiyanın Ukraynaya qarşı müdaxiləsi, müharibəsi sizin ölkənizə necə təsir göstərdi. Əgər olarsa, Sizdən soruşum Prezident Əliyev”.Azərbaycan Prezidenti İlham Əliyev suala cavab olaraq deyir: “Demək istərdim ki, bizə birbaşa təsiri olmayıb, lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ola bilsin, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın. Beləliklə, biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Eyni zamanda, xüsusən də daşımalar layihələrinə gəldikdə, bəzi üstünlüklər də var. Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Lakin bildiyiniz kimi, bizim öz müharibəmiz olub. 44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Mənim cavabım belədir”.Bir sözlə, zəfər seçkisindən sonra Prezident İlham Əliyevin reallaşan Münxen səfəri Azərbaycanın dövlət maraqlarının təmin olunması baxımdan mühüm və əhəmiyyətli səfər oldu. Bu səfər zamanı görüşlərdə aparılan müzakirələr təsdiq etdi ki, Azərbaycanın əldə etdiyi qələbələr, qazandığı zəfərlər davamlıdır. Çünki bu zəfərləri dövlətimizə və xaqımıza qazandıran Prezident İlham Əliyev kimi böyük lideri, müdrik rəhbəri var.Eldar İbrahimovMilli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü

Seçilən
474
sesqazeti.az

1Mənbələr