AZ

Almaniyada yaşayan türkləri orduya çağırmaq cəhdi - Niyə məhz onlar?

Almaniyada

Orduya çağırışçı çatışmazlığı ilə üzləşən Almaniya ölkədəki əcnəbiləri hədəfə alır. Hökumət türk dilində müqavilə xidməti haqqında broşürlər paylayır, yüksək maaş və vətəndaşlıq vəd edir.

Reyting.az
xəbər verir ki, bu barədə “Haber7” yazıb.

Türk nəşrinin təhlilində qeyd olunur:

İxtisaslı kadr çatışmazlığı ucbatından əmək bazarında problemlərlə üzləşən Almaniya, Türkiyə də daxil olmaqla, bir vaxtlar çoxsaylı ölkədən əcnəbi işçi qüvvəsini qəbul etməyə başlamışdı.

İndi Berlin administrasiyası eyni modeldən istifadə edərək, alman ordusundakı kəsiri örtməyə çalışır. Almaniyanın bununla bağlı ilk növbədə ölkədə yaşayan, lakin hələ də vətəndaşlıq ala bilməyən türkləri hədəf aldığı iddia edilir.

Türkcə elanlar

Lakin əcnəbiləri hərbi xidmətə çağırmaq üçün Almaniyanın Əsas Qanununa, ölkə konstitusiyasına dəyişiklik etmək lazımdır.

Meklenburq-Ön Pommeraniya əyalətində mühacirlərin nümayəndəsi olan Şeyhmus Atay əcnəbilərin Almaniya ordusuna cəlb edilməsi ilə bağlı müzakirələrdən danışıb.

Atay qeyd edib ki, ölkədə bir müddətdir alman ordusuna əsgər qəbulu ilə bağlı türkcə elanlar verilir.

"Bu, xüsusilə Berlin, Hamburq, Düsseldorf, Münhen kimi türk əhalisinin çox olduğu şəhərlərdə tez-tez baş verir. Onlar bilbordlarda türk dilində elanlardan istifadə edərək türkləri işə cəlb etməyə çalışır, bununla bağlı xüsusi kampaniyalar aparırlar. Almaniyanın bütün sahələrdə xarici işçi qüvvəsinə ehtiyacı var. Deyirlər ki, indi bizə ildə 400 min insan lazımdır. Eyni şey hərbi xidmətə də aiddir”, - deyə Atay vurğulayıb.

"Almaniya rəhbərliyi belə düşünür:

"Bizim ölkədə 12 milyon əcnəbi yaşayır. Onların bir qismini hərbi xidmətə qəbul edə bilərik. Halbuki konstitusiyamızın 116-cı maddəsi kimin alman olduğunu, kimin olmadığını müəyyən edir.

Hərbi xidmət haqqında qanunda isə deyilir ki, orduya ancaq almanlar çağırıla bilər”.

“Müxalifətdə olan Xristian Demokrat İttifaqı (CDU) qanunvericilik dəyişikliyini dəstəkləyir və deyir: “Hərbi xidmətlə bağlı qanunun dəyişdirilməsi asandır, biz bunu edəcəyik”, - Atay əlavə edib.

İkili standartlar


Bununla bağlı qanunvericilik dəyişikliklərini tənqid edən Atay sözlərinə belə davam edib:

“Biz uzun illərdir deyirik ki, ölkədə 12 milyon əcnəbi var, onlara müəyyən müddətdən sonra seçmək və seçilmək hüququnu verməlisiniz. Siyasətçilər isə bizə deyirlər: "Bizim konstitusiya bunu qəbul etmir. Seçki qanununun 12-ci maddəsinə əsasən yalnız almanlar seçilə bilər. Almaniya Federativ Respublikasının Əsas Qanununun 116-cı maddəsində kimin alman olması müəyyən edilib. Qanunun 37-ci maddəsində hərbi xidmətlə bağlı Konstitusiyanın 116-cı maddəsinə istinad olunur və "Yalnız almanların hərbi xidmət keçə biləcəyi” qeyd olunur. Ziddiyyətli vəziyyət var. Səsvermə hüququ üçün qanun dəyişə bilməz, amma ordu üçün - niyə də olmasın".

Cəlbedici təkliflər

Əcnəbilərin işə götürülməsi ilə bağlı cəlbedici təkliflərə diqqət çəkən Atay bildirib: "Vətəndaşlıq qanunu dəyişdirilib və bir qədər yumşaldılıb. Almaniya vətəndaşı ola bilməyən gənclərin çoxu işsizdir. Hərbi xidmət üçün aşağıdakı plan mümkündür: "Biz sizə iki, üç il, beş illik müqavilə verəcəyik, sürətləndirilmiş vətəndaşlığı və ümumi əmək haqqını təmin edəcəyik".

“Hərbi xidmət haqqında” qanunu dəyişdirirsinizsə, seçki qanununa da dəyişiklik edilsin. Hesab edirəm ki, böyük ehtimalla “Hərbi xidmət haqqında” qanun qəbul olunacaq, çünki orduda kadr çatışmazlığı çox böyükdür və onu başqa yolla ört-basdır etmək mümkün deyil”.

Türklər ən uyğun gəlir

Almaniyanın keçmiş müdafiə nazirlərindən Frans Yozef Yunq bu planları şərh edərkən qeyd edib ki, türklər alman ordusuna qatıla biləcək əcnəbilər arasında ən uyğun qrupdur.

Yunq deyib: "Uzun illər burada yaşayan və Almaniya ilə güclü əlaqələri olan gənclər orduya qoşulmaq üçün müraciət etsələr, bu, şübhəsiz ki, nəzərə alınacaq".

2001-ci ilə qədər Almaniya Federativ Respublikasının Əsas Qanununun 116-cı maddəsinə əsasən, alman – həm alman vətəndaşlığına, həm də alman mənşəli hər kəs hesab olunurdu. 2001-ci ildə qəbul edilən vətəndaşlıq qanununda isə alman vətəndaşlığı olan şəxslər alman kimi tanınırdı.

Y. QACAR
Seçilən
242
50
reyting.az

10Mənbələr