AZ

Mövlud Süleymanlı dəfn edilib

Xalq yazıçısı Şamaxıda anasının məzarının yanında torpağa tapşırılıb
Fevralın 22-də Xalq yazıçısı Mövlud Süleymanlının Bakıda yaşadığı evdə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mərhumun yaxınları, dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra M.Süleymanlının cənazəsi Şamaxıya aparılıb. Xalq yazıçısı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının məzarının yanında dəfn edilib.
Xatırladaq ki, bir neçə gün öncə beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilən Süleymanlı dünən vəfat edib.

Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.
Mövlud Süleymanlı əmək fəaliyyətinə 1968-ci ildə Аzərbаycаn Radiosundа başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. O, həmçinin “Azərbaycanfilm” kinostudiyasında, “Ulduz” və “Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.
Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının “Əllərim” adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.
Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.
M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!

Seçilən
775
6
ayna.az

7Mənbələr