AZ

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Milli Məclisin deputatı Ceyhun Məmmədov

10 oktyabrda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Məhz buna görə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi çox sevindirici bir hadisə oldu.

Düşünürəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası yeni əməkdaşlıq imkanları ətrafında açıq və səmərəli müzakirələrin aparılması üçün əhəmiyyətli platformadır.

Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğunun təmin olunmasıdır. Əks halda hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə, gedə bilməz. Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir.

Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik.  Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.

Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.

Erməni silahlı birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrdə Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhər və kəndlərimizi xarabalığa çevirmişlər. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktının aşkarlanması  təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.

Şükürlər olsun ki, artıq uğurla icra edilən “Böyük Qayıdış” proqramı çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub və növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti bərpa etdi. Hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.

phrase_var_article.chosen
194
3
ulusal.az

2phrase_var_article.sources