AZ

Rusiyanın “Qarabağ” sevdası: Mixail Qaluzin nəyə işarə edir?

Rusiya ciddi-cəhdlə Qarabağdakı sülhməramlıların regionda qalmasına çalışır. Hərçənd Rusiya prezidenti Vladimir Putinin “Valday” konfransında Qarabağla bağlı dediyi “məsələ bitdi” mesajı Rusiya mediasında da birmənalı qarşılanmayıb. Bu açıqlamanın ardınca Rusiya mediasında sülhməramlıların Qarabağda qalmasının vacibliyi ilə bağlı cəfəngiyyatlar səsləndirməyə başladılar. Sözsüz ki, medianın haradan idarə edildiyi bəllidir. Məhz medianın bu açıqlamasından sonra  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində qalmasının mümkünlüyü haqda danışıb. Qaluzin iddia edib ki, sülhməramlıların Qarabağda qalması onların istəyi deyil və bu beynəlxalq missiyanın vəzifəsidir.

Qaluzinin  fikrincə, “münaqişə vəziyyətinə son nöqtə hələ müəyyən edilməyib”. Qarabağın bir çox sakininin könüllü olaraq bölgəni tərk etmək qərarına gəlməsinə baxmayaraq, Qaluzin əmindir ki, Rusiyanın sülhməramlı missiyasına hələ də tələbat var. O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi inteqrasiya, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması və iki ölkə arasında əlaqələrin qurulması ilə bağlı üçtərəfli sazişlərin vacibliyini vurğulayıb: “Bütün bunlar birlikdə normallaşma üçün qarşılıqlı məqbul şərtlərə gətirib çıxarmalıdır”, – deyə əlavə edib.

Qaluzin həmçinin Rusiya sülhməramlı kontingentinin Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında təmasların aparılmasında rolunu vurğulayıb və regionda sabitliyin təmin edilməsi üçün onların davamlı iştirakının zəruriliyini bildirib.

Bir sözlə Qaluzin sülhməramlıların Qarabağda qalmasının vacibliyi nağılını öz bildiyi kimi şərh etməklə tezislərdən kənara çıxmayan televiziyaların nağıllarına dəstək verib. Rusiya sülhməramlılarının Qarabağda qalmasının fəsadları böyük ola bilər. Yəqin ki, tarixi nəzər salsaq rus əsgərinin istənilən təxribata əl ata biləcəyi qaçılmazdır. Sülhməramlıların Qarabağda qalması hansı fəsadlara yol aça bilər?

Qarabağda qalan ermənilərin yenidən təşkilatlanması Rusiyanın əsas arzusudur. Amma nəzərə alaq ki, artıq Qarabağda nəzarət tam olaraq Azərbaycan güc strukturlarının nəzarətindədir, o zaman Rusiya sülhməramlılarının manevr imkanları tamamilə sıradan çıxır.

Məhz Rusiya sülhməramlılarının Qarabağda qalmasının müzakirələri getdiyi bir ərəfədə erməni mediası bu mövzuda aktivləşib. Erməni ekspert Leonid Nersisyan bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda qalması olduqca vacibdir. “Çünki bu Qarabağın tam itirilməsinin qarşısını ala bilər. Daha 30-40 il sonra biz öz ideyalarımızı gerçəkləşdirə bilərik”- deyə erməni ekspert bildirib.

Görünən odur ki, sülhməramlıların Qarabağda qalmasında Rusiya qədər maraqlı elə ermənilər özləridir. Ancaq artıq regionda vəziyyət 30 il öncəki vəziyyət deyil. İndi Cənubi Qafqazda sülhün bərqərar olması üçün hər üç ölkə səylə çalışır. Bu da ona deməyə əsas verir ki, Rusiyanın böyük istəklərinin əksinə yaxın zamanda sülhməramlılar Qarabağı tərk edəcək. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki müsahibəsində bildirdiyi kimi, “artıq rus əsgəri Ermənistan üçün faydalı deyil” fikri Rusiyanın Cənubi Qafqazdan qopmasını sürətləndirəcək.

Bir sözlə Cənubi Qafqazda yeni bir dövrün başlayacağı, siyasi və iqtisadi sabitliyin bərqərar olacağı uzaqda deyil…

Qoşqar Salmanlı

Seçilən
188
2
ulusal.az

10Mənbələr