Onun sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçiliyi tərəfindən cənab Ersin Tatarın şərəfinə təşkil olunmuş ziyafətdə çıxış edən prezident Şimali Kipr türklərinin Azərbaycanın son illərdə qazandığı uğurlara çox sevindiyini, xüsusən də, Qarabağın azad olunması ilə bağlı xüsusi qürur hissləri keçirdiklərini bildirib: “Azərbaycana ilk dəfə səfər etdiyini xatırladan prezident Tatar səfər çərçivəsində ölkələrimiz arasında mədəni əlaqələrin, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün çoxsaylı ikitərəfli görüşlərin nəzərdə tutulduğunu qeyd edib. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətlərə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri prizmasından yanaşdıqda maraqlarımızın qarşılıqlı olduğunu görməmək mümkün deyil. XXI əsrin qloballaşma proseslərində hər bir müstəqil türk dövlətinin siyasətində ümumtürk maraqlarının müdafiəsi xüsusi əhəmiyyət daşıyır”.
Deputat sözlərinə davam edərək bildirib ki, dünyanın hər bir tərəfində yaşayan türklərin hüquq və mənafeyinin türk dünyası tərəfindən birgə qorunması zərurəti Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə öz əksini tapıb: “Bu baxımdan, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan qardaşlarımızla siyasi, iqtisadi-ticari və elmi-mədəni əlaqələrimizin inkişaf etdirilməsinə türk dünyası çərçivəsində inteqrasiya proseslərinin tərkib hissəsi kimi baxmaq daha düzgün olardı. Bu yanaşma həm Azərbaycanın üzv olduğu Türk Dövlətləri Təşkilatının məramlarına, həm də dünya miqyaslı qloballaşma proseslərinin tələblərinə və trendlərinə uyğundur”.