AZ

On illərdir davam edən işğalın kölkəsində fələstinlilərin çarəsizcə müqaviməti

“Həmas”ın hərbi qanadı Qəssam Briqadaları ilə Qəzzada yerləşən digər fələstinli qruplar "Əqsa tufanı" adlı hərtərəfli hücumla hərbi əməliyyata başlayıb. Uzun bir hazırlıqdan sonra qəfil hücumla Qəzzada blokadanı yaran silahlı müqavimət qüvvələri bölgədəki İsrail bazalarını ələ keçirib, həmçinin israilli köçkünləri də hədəfə alıb. İsrail isə ilkin şokdan sonra Qəzzaya qarşı güclü hava bombardmanlarına başlayıb. İsrail ordusunun bölgədə quru əməliyyatına hazırlaşması və Livan-İsrail sərhədində Hizbullahla ara-sıra toqquşması da bölgədə böyük müharibənin qapısını açmaq riskini də daşıyır.

"Həmas"ın silahlı qanadı olan İzzəddin Qəssam Briqadaları və onunla birlikdə hərəkət edən Qəzzada yerləşən Fələstin müqavimət qüvvələri İsrail kəşfiyyatının və ordusunun gözləmədiyi bir anda kütləvi hücuma keçdi. Göründüyü kimi, fələstinli qruplaşmalar uzun müddət gizli şəkildə bu əməliyyata hazırlaşaraq texniki imkanlarını gücləndiriblər. Yayımlanan videolarda Qəssam və digər qrupların pilotsuz uçuş aparatları və motoparaplanlar kimi vəsaitlərdən istifadə edərək Qəzza ətrafında yerləşən 4 İsrail hərbi bazasını eyni vaxtda ələ keçirdikləri görünür. Yenə yüzlərlə fələstinli döyüşçü bölgədəki İsrail yaşayış məntəqələrinə soxularaq buraları böyük miqyasda ələ keçirməyi bacardı, daha sonra 200-ə yaxın olduğu düşünülən əsgər və israilli köçkünü əsir götürərək Qəzzaya gətirdi. İsrail Ordusu və kəşfiyyatı ciddi bir zəifliyə düçar olarkən, itkilər İsrail daxilində şok təsiri yaratdı. İsrail Ordusu 48 saat ərzində Qəzzanın az qala iki qat böyüklüyündə olan əraziyə nəzarət edə bilməsə də, ilk müdaxilələrdən sonra Qəzzaya ağır bombardmanlara başladı. Onlar Qəzzada onsuz da mövcud olan blokadanı sərtləşdirərkən, bölgənin işığını və suyunu da kəsdilər. İsrailin siyasi və hərbi rəsmiləri çox sərt açıqlamalar verərkən, quru əməliyyatına hazırlıqları da vurğulayırlar. İsrail açıq şəkildə müharibə cinayəti törədib və təxminən 2 milyon insanın yaşadığı Qəzzada kollektiv cəza tətbiq edib. Şəhərin bütün həyat damarları kəsilərkən, bombardmanlarda əsgərlər və mülki şəxslər arasında heç bir fərq də qoymur. İndiyə qədər minə yaxın qəzzalı həyatını itirib. Qəssam Briqadaları İsrailə raket atəşi və tunel xətləri vasitəsilə zaman-zaman soxularaq cavab verməyə cəhd göstərir.

İsrailin Livanla şimal sərhədində zaman-zaman toqquşmalar olur və Hizbullah və İsrail ordusu çox kəskin olmayacaq şəkildə bir-birini atəşə tutur. Ancaq bu qarşılıqlı öhdəçiliyin nəzarətdən çıxması an məsələsidir. Xüsusilə də İsrail ordusu Qəzzaya qarşı quru əməliyyatına başlayarsa, Livan cəbhəsinin açılması və buna Suriya/Qolan oxunun da daxil edilməsi mümkün ssenarilərdən biridir. ABŞ-ın bölgəyə təyyarədaşıyan gəmiləri yerləşdirməyə başladığını da nəzərə alsaq, işlər birdən-birə nəzarətdən çıxa bilər. İsrail ona qarşı bu hücumun arxasında İranın olduğunu vurğulayır ki, İranın son illərdə "Həmas"a ciddi hərbi dəstək verdiyi məlum bir həqiqətdir və İranın bölgədə ərəb-İsrail normallaşmasının qarşısını almaq üçün belə bir addım atdığına dair iddialar var. Lakin bu konyuktura ilə geosiyasi gedişlərdən kənar bir faktı da unutmaq olmaz.

Fələstinlilər 75 ildən artıqdır ki, İsrailin işğalı altındadır, torpaqları qarətlənir, kütləvi şəkildə qətlə yetirilir, qaçqın vəziyyətinə salınırlar. Qərb dövlətləri İsraili qeyd-şərtsiz dəstəkləyir. Xüsusilə indi ifrat sağçı/sionist hökumət olan Netanyahunun kabineti və tətbiqləri fələstinlilərin ümidini daha da qırıb və onları çarəsiz şəkildə hərbi müqavimət göstərməyə sövq edir. Buna əl uzatan yeganə ölkə isə İrandır. Dünya fələstinlilərin hüquqlarını təmin edən 2 dövlətli həll yoluna diqqət yetirməlidir. Ərazi bütövlüyü, paytaxtı Qüds olan suveren Fələstin dövləti qurulmadan regionda sabitliyə nail olmaq heç vaxt mümkün olmayacaq.



Seçilən
632
48
trt.net.tr

10Mənbələr