AZ

Hər kəs 100 il yaşamasa...

7 Aprel Ümumdünya Sağlamlıq Günüdür
Hər il dünyada olduğu kimi, ölkəmizdə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yarandığı 1948-ci il aprelin 7-i Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. 
1950-ci ildən başlayaraq hər il Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq 7 apreldə qeyd edilir. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. ÜST-nin Avropa bürosu hər il bununla bağlı xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. 2021-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Daha ədalətli və daha sağlam dünya quraq!” şüarı ilə keçirilib. Növbəti il isə  “Bizim planetimiz bizim sağlamlığımızdır” şüarı qəbul olunub. 
ÜST-nin hesablamalarına əsasən, qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır. 
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva XQ-yə açıqlamasında insanların sağlam həyat sürməsi üçün lazım olan məqamları diqqətə çatdırıb:
– İnsanın sağlamlığı öz əlindədir. Ona görə də yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Hətta müəyyən yaş həddinə çatandan sonra buna xüsusi fikir verilməlidir. Təəssüf ki, bunu çox vaxt edə bilmirik. 
Sağlamlığı qorumaq üçün il ərzində iki dəfə müəyyən müayinələrdən keçmək şərtdir. Əsas da ürək-qan damar sistemi, tənəffüs və həzm sistemi ilə bağlı müayinələrə üstünlük verilməlidir. Fəsillərin dəyişməsi zamanı bunu mütləq yoxlamaq lazımdır. Çünki bu zaman xroniki xəstəliklər daha da kəskinləşir.
Həkimin sözlərinə görə, sağlam həyat tərzində hərəkətliliyin yüksək səviyyədə olmasına da diqqət yetirmək lazımdır:
– Son illər texniki tərəqqi ilə əlaqədar insanlar oturaq həyat tərzi keçirirlər. Gün ərzində 14–15 saat sükan arxasında olmaq, 8 saat kompüter qarşısında oturmaq arzuolunan deyil. Bu, hipodinamiyaya gətirib çıxarır. Məhz bütün xəstəliklərin başlanğıcı bununla bağlıdır. Belə olanda damarlarda qanın hərəkəti müəyyən qədər zəifləyir. Bu da müxtəlif xəstəliklərin yaranmasına təkan verir. Piyada gəzmək – insan orqanizminin gücü və əzələ sümük sisteminin gəzintiyə davamlılığındən asılıdır. Gün ərzində maksimum 3–4 saat piyada gəzmək məsləhət görülür.
Şam yeməyindən sonra da 1–2 saat gəzməyin daha güclü təsiri var. Bu, həm də insanın gecə rahat yuxu almasına şərait yaradır. Hər bir yaşda da bunun saatı və müəyyən məsafəsi var. Bəzi mütəxəssislər gün ərzində ən azı 2 kilometr yol qət etməyi tövsiyə edirlər. Düşünürəm ki, 60–70 yaşlarında olan insan üçün bu məsafə çoxdur. 
Biz çalışmalıyıq ki, hökumətlər insan sağlamlığı və rifahını iqlim dəyişikliyi siyasətinin əsas mövzusuna çevirsinlər və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla sağlamlığın qorunması istiqamətində etdikləri cəhdləri yeniləsinlər. Biz çalışmalıyıq ki, səhiyyə nazirlikləri iqlim dəyişiklikləri ilə bağlı problemləri həll etmək və öz ölkələrinin əhalisinin sağlamlığını qorumaq məqsədilə ictimai səhiyyə siyasətini və təcrübəsini gücləndirsinlər. Ən əsası isə ayrı-ayrı vətəndaşlar özləri həm sağlamlığın səviyyəsinin artmasına, həm də iqlim dəyişikliyinin azalmasına imkan verəcək seçim etməlidir.
Həkim sonda bildirdi ki, hazırda daha çox təsadüf edilən qəfil ölümlər fərdi xarakter daşıyır, amma özünə və sağlamlığına diqqət edən insanlarda bu hal müşahidə edilmir.
Mütəxəssislər qeyri-sabit və dəyişkən iqlimin sağlamlığa necə təsir göstərdiyini bilirlər. ÜST-nin sağlamlıq günü ilə bağlı yaydığı açıqlamada deyilir ki, havaların kəskin istiləşməsi, fırtınalar, daşqınlar və quraqlıqlar hər il on minlərlə insanın həyatına son qoyur. İqlim dəyişikliyinə həssas olan ishal, malyariya və zülal-enerji çatışmazlığı kimi xəstəliklər artıq 3 milyondan çox insanın ölümünə səbəb olur.     
İqlim dəyişikliyi yoxsulluqdan irəli gələn xəstəliklərlə mübarizədə əldə etdiyimiz inkişafın geriləməsi və varlılar ilə kasıbların sağlamlıq göstəriciləri arasındakı fərqin dərinləşməsi təhlükəsini yaradır. Sağlamlığın əsas şərtlərindən biri və gələcəyin təməli düzgün qidalanmadır. Bu şərtə əməl edilməyəndə orqanizmdə maddələr mübadiləsi pozulur və xəstəliklərin əksəriyyəti bu səbəbdən yaranır. 
Tibb Universitetinin müəllimi, Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü Aidə Bəndəliyeva sağlamlıq üçün vacib olan qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, şəffaflığı artırmaq, müvafiq qaydalara əməl olunmasını təmin etmək məqsədilə ölkəmizdə görülən işlərdən söz açaraq dedi: 
– Sağlam nəslin düzgün formalaşması üçün onların necə qidalanması məsələsi gündəmdə olmalıdır. Düzgün qidalanma həyat keyfiyyətini – sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bir sıra qeyri-infeksion xəstəliklərin (QİX) və halların qarşısını almağa imkan yaradır. 
Hippokrat deyirdi: “Sən nə yeyirsənsə osan”. “Yeməyiniz dərmanınızdır, dərmanınız yeməkdir”. Böyük alim İbn Sina isti vanna, bədəni yağla silmək, yüngül hərəkətlər, gəzinti, at minmək, qiraət, südlü (xüsusilə, keçi və at südü), bitki mənşəli qida rasionu, qırmızı şərab, bağırsaqları yumşaldan maddələr və sakit həyat tərzini ömrü uzadan vasitələr hesab edirdi. Serblər uzunömürlülüyün sirlərini yumurta sarısı, çolpa əti, toyuq bulyonu yeməkdə, abxazlar enliyarpaqlı və yabanı bitkilərin xörəkləri, az enerjili qida, otların, itburnunun dəmləmələrini qəbul etməkdə görürdülər. Leonardo da Vinçi kalsiumun rasionda çoxluğunun qocalmaya səbəb olduğunu deyirdi. 
Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam yaşamağın açarı, ilk növbədə, insanın nə dərəcədə düzgün qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Əhali daha çox yüksək enerji tutumlu qida məhsulları, doymuş yağlar, şəkər və ya duzdan istifadə edir, meyvə, tərəvəz və dənli bitkilərə qidada yetərincə yer vermir. 
Qəbul etdiyimiz qidalar çoxçeşidli olmalıdır. Hər gün eyni qidanı yemək insanın yeməkdən aldığı həzzi və iştahını öldürür, həm də qidalanma vərdişinə qarşı mənfi təsir göstərir. Son nəticədə zərər görən yenə də orqanizm olur. İnsan fərqli təamları dadmağa vərdiş etməlidir. Müxtəlif çeşidli meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir. Qarşıdan hər şeyin bol olduğu yay fəsli gəlir. 
Mütəxəssislərin dediklərinə əlavə olaraq qeyd edək ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. Hər il beynəlxalq təşkilata üzv olan ölkələrdə Sәhiyyә Nazirliyi vә ­ÜST-nin dәstәyi ilә Ümumdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә tәdbirlәr hәyata keçirilir, görülmüş işlərə yekun vurulur, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təkliflər hazırlanır.
Zərifə HÜSEYNOVA XQ

Seçilən
459
xalqqazeti.az

1Mənbələr